Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə çıxışları, eləcə də dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki dövlətimizin başçısı görüşlərdəki çıxışlarında və müsahibələrində dünyada baş verən hadisələrə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, ikili standartlar siyasətinə münasibətini açıq şəkildə ifadə edir. Eyni zamanda, Azərbaycan həqiqətləri, ölkəmizin sürətli inkişaf yolu, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verir. Müsahibələrində təmsil olunduğu ölkə ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, bu günədək davam edən əməkdaşlıqdan və onun perspektivlərindən də geniş bəhs edir. Dövlətimizin başçısının bu günlərdə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də bu məsələlərə xüsusi diqqət yetirilib.
Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəyə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.
Komitə sədri Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin uzunmüddətli tarixi köklərə söykəndiyini, son dövrlərdə isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq deyib ki, iki ölkə arasındakı münasibətlərin tarixi təməli onilliklər əvvələ, o cümlədən sovet dövrünə gedib çıxır. Həmin vaxtdan etibarən əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb.
O qeyd edib ki, dövlətimizin başçısı da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu tarixi məqamlara ətraflı toxunaraq 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinin iki xalq arasında dostluq münasibətlərinin əsasının qoyulmasında mühüm rol oynadığını diqqətə çatdırıb. 1983-cü ildə isə münasibətlərin inkişafında yeni mərhələ başlanıb. Həmin vaxt Sovet İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyəti Vyetnama səfər edib. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə səfərin müddəti səkkiz günədək uzadılıb və ölkənin əsas regionlarını əhatə edib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verib və çoxillik əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.
Zamanın sınağından çıxmış möhkəm dostluq əlaqələri
Zamanın sınaqlarından çıxmış möhkəm dostluq ənənələrinə əsaslanan əlaqələrin və qarşılıqlı faydalı tərəfdaşlığın sonrakı illərdə də ardıcıl şəkildə inkişaf etdirildiyini bildirən Ç.Qənizadə vurğulayıb ki, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri əməkdaşlığın daha da möhkəmləndirilməsində mühüm rol oynayıb.
Komitə sədri ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfərinin dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və praktiki məzmunla zənginləşdirilməsi istiqamətində qarşılıqlı marağı bir daha nümayiş etdirib. Səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm sənəd olub.
Bundan başqa, dövlət başçılarının siyasi təmasları ilə yanaşı, hökumətlərarası komissiyalar, müvafiq qurumlar və parlamentlərarası dostluq qrupları vasitəsilə də səmərəli dialoq aparılır. Eyni zamanda, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq əlaqələri inkişaf edir.
Komitə sədri müsahibədə ölkələrimiz arasında ikitərəfli dialoqla yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulduğunu bildirib. Onun sözlərinə görə, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini göstərir.
İqtisadi əməkdaşlığın inkişaf perspektivləri
Hüquq müdafiəçisi dövlətimizin başçısının müsahibəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə də geniş yer ayırdığını bildirib. Ç.Qənizadə bu barədə danışarkən deyib:
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla belə, bu göstərici hələlik mövcud imkanları tam əks etdirmir. Hər iki tərəf qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün böyük potensiala malikdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir".
Ç.Qənizadə humanitar əməkdaşlığın xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynadığını bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar əlaqələrin dərinləşməsinə fəal töhfə verir. Fondun fəaliyyəti Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, infrastruktur layihələrindən müxtəlif təhsil proqramlarının dəstəklənməsinədək geniş sahələri əhatə edir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Həmçinin Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.
"Prezident İlham Əliyevin dost Vyetnama qarşıdakı səfəri Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından növbəti mühüm addım olacaq", – deyə hüquq müdafiəçisi fikirlərini yekunlaşdırıb.



