Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsirini gücləndirmək cəhdləri fonunda Azərbaycanın və Ermənistanın Avropa ilə əlaqələrini artırmasına kömək etməyə çalışır. Musavat.com bildirir ki, nazir öz ölkəsini tərk etməzdən əvvəl jurnalistlərə bildirib ki, Avropanın buna müqavimət göstərməsi və Rusiyanın regionda təsirini artırmasına imkan verməməsi onun marağındadır.

Nazirin sözlərinə görə, Ermənistanın Avropa ilə yaxınlaşması fürsətindən istifadə edərək siyasi və ekoloji əlaqələri genişləndirmək lazımdır. O qeyd edib ki, Ermənistan uzun müddətdir ki, iqtisadi və hərbi cəhətdən Rusiyadan asılı vəziyyətdədir. Vadeful onu da qeyd edib ki, səfərin digər məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verməkdir. Nazir Azərbaycanla iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirmək niyyətindədir. O, ölkəni enerji təchizatının şaxələndirilməsində Almaniyanın və digər Avropa dövlətlərinin vacib tərəfdaşlarından biri kimi xarakterizə edib.
Alman nazirin çıxışını şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a qeyd edib ki, Berlinin yanaşmasının əsas istiqaməti Cənubi Qafqazda Avropa İttifaqının mövcudluğunu gücləndirməkdir. Onun sözlərinə görə, Qərbin hədəfi region ölkələrinin xarici siyasət seçimlərini şaxələndirmək və xüsusən də Ermənistanın Rusiya ilə bağlı təhlükəsizlik asılılıqlarını azaltmaqdır:
"Eyni zamanda, Berlin Bakı ilə İrəvan arasında dialoqun davam etdirilməsinə, etimadın möhkəmləndirilməsinə və sülh sazişinin həyata keçirilməsinə dəstək verə bilər. Almaniyanın bu sahədə müəyyən təcrübəsi var: 2024-cü ildə Berlində Azərbaycan və Ermənistan arasında sülh danışıqları keçirilib. Almaniya həmçinin humanitar təşəbbüslərə 27,5 milyon avro ayırıb və mülki personalını Ermənistandakı Avropa İttifaqının müşahidə missiyasına göndərib. Nəzərə alaq ki, Moskvanın regionda tarixi, siyasi və iqtisadi mövqeləri qalmaqdadır".
Hüquqşünas hesab edir ki, Almaniya regionda Rusiyanı birbaşa əvəz edə bilməz: "Lakin Azərbaycan və Ermənistan üçün Avropa ilə daha geniş əməkdaşlıq imkanları yaradaraq onların xarici siyasətdə seçim imkanlarını artıra bilər. Almaniya Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədə bilər, lakin onu regiondan tamamilə sıxışdırıb çıxarması yaxın perspektivdə real görünmür".



