Azərbaycanda avtomobil bazarında satış elanlarının sayı bir ay ərzində 2 842 ədəd azalıb. Sentyabrda ölkə üzrə 40 373 avtomobil elanı qeydə alındığı halda, oktyabrda göstərici 7 faiz azalaraq 37 531-ə düşüb.
Maşın bazarına və elan saytlarına maraq niyə azalıb? Bu sahədə sosial şəbəkələrin aktivliyinin artması nə ilə əlaqədardır?
Demokrat.az-a mövzu ilə bağlı danışan nəqliyyat eksperti Razil Nağıyev deyib ki, avtomobil bazarında elan sayının azalmasına satış qiymətləri ilə alıcıların maliyyə imkanları arasındakı fərq təsir etmiş ola bilər.

Onun sözlərinə görə, Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına əsasən, sentyabr və oktyabr aylarında satışda qalan elanların təxminən 40 faizində qiymət aşağı salınıb:
"Bu göstərici onu deməyə əsas verir ki, satıcılar alıcıların real maliyyə imkanlarını nəzərə alaraq ilkin satış qiymətlərinə yenidən baxmağa məcbur qalırlar. Eyni zamanda, bəzi avtomobillərin bazarda uzun müddət satışda qalması tələb və təklif arasında müəyyən uyğunsuzluğun olduğunu göstərir. Elan saytlarından istifadə vərdişləri də tədricən dəyişir. Belə ki, satıcılar avtomobillərin foto və videolarını sosial şəbəkələrdə paylaşmaqla daha geniş auditoriyaya çata, potensial alıcılarla birbaşa əlaqə saxlaya bilirlər. Alıcılar da müxtəlif sosial şəbəkə qruplarında və paylaşımlarda avtomobil təklifləri ilə tanış olur, maraqlandıqları nəqliyyat vasitələri barədə suallarını birbaşa satıcılara ünvanlayırlar. Bu isə əlavə vasitəçilərə və ənənəvi elan platformalarına ehtiyacı müəyyən qədər azalda bilər".
Razil Nağıyev qeyd edib ki, avtomobil elanlarının bir hissəsinin ənənəvi elan saytlarından sosial şəbəkələrə yönəlməsi də istisna deyil:
"Bazarda elan sayının azalmasını yalnız satışların zəifləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Bu proses həm avtomobil qiymətləri ilə alıcıların alıcılıq imkanları arasındakı fərqdən, həm də alıcı və satıcıların alternativ satış kanallarına üstünlük verməsindən qaynaqlana bilər".


