YapiKredi Müraciət Forması
Dünya Özəl

ABŞ-da casusluq iddiaları: "Nvidia" qalmaqalında nazirin adı hallandı

ABŞ-da casusluq iddiaları: Nvidia qalmaqalında nazirin adı hallandı

ABŞ-ın texnologiya nəhəngi "Nvidia" ətrafında başlayan casusluq qalmaqalı ilə bağlı yeni iddialar ortaya çıxıb. Araşdırmaların mərkəzində şirkətin keçmiş baş direktoru Censen Huanla əlaqəsi olduğu bildirilən çinli iş qadını Elis Huang və ABŞ-nin ticarət naziri Hovard Latnik də yer alıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ mətbuatında, o cümlədən "The New York Times" qəzetində məlumat yayılıb.

Nəşrin iddiasına görə, kriptovalyutalara marağı səbəbindən "Bitcoin boğası" kimi tanınan Hovard Latnik "Nvidia" və onun rəhbərliyi ilə yaxın münasibətlərindən istifadə edərək şirkətin maraqlarına üstünlük verib. Bildirilir ki, nazir digər şirkətlərlə müqayisədə "Nvidia"nın müraciətlərinə daha həssas yanaşıb, Çinə qabaqcıl çiplərin satışını məhdudlaşdıran qaydaların qəbulunu gecikdirib.

Bundan başqa, Elis Huanın əvvəllər rəhbər vəzifədə çalışdığı Sinqapur mərkəzli "Megaspeed" şirkətinin ABŞ-nin ticarət qara siyahısına salınması üçün də lazımi addımların atılmadığı iddia olunur.

Qalmaqalla bağlı ABŞ Konqresi də hərəkətə keçib. Senatın Bank Komitəsinin sədri, respublikaçı Tim Skott Censen Huanı dekabrın 3-də, Hovard Latniki isə dekabrın 10-da ifadə verməyə çağırıb. Latnik dəvəti qəbul edib. Huanın çağırışa əməl etməyəcəyi təqdirdə onun məcburi qaydada ifadəyə gətirilməsi üçün rəsmi çağırış sənədinin verilə biləcəyi bildirilir.

ABŞ Prezidenti Donald Trampın da noyabrın 10-da Huanla telefon danışığı apardığı və ona biznes maraqlarını müdafiə etməyə davam etməsini söylədiyi iddia olunur.

Digər tərəfdən, Elis Huanın Çin kəşfiyyatı ilə əlaqələri barədə iddialar hələlik təsdiqini tapmayıb. CNN-in məlumatına görə, Federal Təhqiqat Bürosunun (FBI) təxminən bir ildir davam etdirdiyi araşdırmada onun Çinə məlumat ötürdüyünü sübut edən qəti dəlillər aşkarlanmayıb.

Hadisə fonunda kəşfiyyat xidmətlərinin istifadə etdiyi "bal tələsi" (honey trap) üsulu da yenidən gündəmə gəlib. Bu metod vasitəsilə mühüm məlumatlara çıxışı olan şəxslərin romantik münasibətlər, manipulyasiya və şantaj yolu ilə təsir altına alınması nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, süni intellekt və hərbi texnologiyaların inkişafı fonunda texnologiya şirkətlərinin yüksək vəzifəli rəhbərləri xarici kəşfiyyat xidmətləri üçün daha cəlbedici hədəfə çevrilirlər.