Şabran rayonunun Qazbabalı kəndində yaşayan Mərdanovlar ailəsi çətin vəziyyətlə üzləşib.
Demokrat.az Baku.tv-yə istinadən xəbər verir ki, Fəridə Mərdanovanın sözlərinə görə, mart ayında yağan güclü leysan yağışlarından sonra evləri yararsız vəziyyətə düşüb. Torpaq sürüşməsi nəticəsində evin bir divarı uçub, digər divarlarda isə çatlar əmələ gəlib.
Şikayətçi bildirir ki, evə baxış keçirilsə də, ailəyə indiyədək heç bir yardım göstərilməyib. O, evin hər an uçma təhlükəsi ilə üz-üzə olduğunu deyərək aidiyyəti qurumlardan kömək istəyir.
"Yağışlardan sonra qəfil güclü səs eşitdik və divarın uçduğunu gördük. Həmin gündən qorxu içində yaşayırıq. Evin bir divarı tamamilə dağılıb, digərlərində də çatlar yaranıb. Öz imkanlarımızla təmir etməyə çalışsaq da, sürüşmə davam edir, divarlar yenidən çatlayır. Gecələr rahat yata bilmirəm. Bu hadisədən sonra səhhətim də pisləşib, ürəyimdən əməliyyat olunmuşam. Aidiyyəti qurumlara müraciət etmişik, gəlib baxış keçiriblər, amma hələ də heç bir kömək göstərilməyib", - deyə Fəridə Mərdanova bildirib.


