YapiKredi Müraciət Forması
Dünya Özəl

Macarıstanın baş naziri şantaj və məişət zorakılığında ittiham olunur

Macarıstanın baş naziri şantaj və məişət zorakılığında ittiham olunur

Macarıstanın baş naziri Peter Madyar barəsində şantaj və məişət zorakılığı şübhələri ilə bağlı iki ayrı hüquqi müraciət edilib. İttihamlar onun keçmiş həyat yoldaşı, sabiq ədliyyə naziri Yudit Varqanın açıqlamalarından sonra gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Macarıstanın "Magyar Nemzet" nəşri məlumat yayıb.

Məlumata görə, hakim "Fides" partiyasının sabiq deputatı İlona Ekeş Madyar barəsində Mərkəzi İstintaq Prokurorluğuna müraciət edib. O, iddiaların Varqanın parlamentin icra hakimiyyətindəki mümkün sui-istifadələri araşdıran komissiyasına verdiyi ifadələrə və mediada yayılan məlumatlara əsaslandığını bildirib.

Müraciətdə iddia olunur ki, Madyar 2023-cü ilin yanvarında keçmiş həyat yoldaşı ilə yaşadıqları evdə onun xəbəri və razılığı olmadan söhbətlərini gizli şəkildə lentə alıb. Həmin səs yazısından 2023-cü ilin yanvarından 2024-cü ilin martınadək Varqaya təzyiq göstərmək və onu şantaj etmək məqsədilə istifadə edildiyi bildirilir.

İddialara əsasən, Madyar boşanma prosesinin davam etdiriləcəyi və ya əmlak bölgüsü, eləcə də uşaqların yaşayış yeri ilə bağlı onun istədiyi şərtlər qəbul edilməyəcəyi təqdirdə keçmiş həyat yoldaşının həyatını məhv etməklə hədələyib. Nəticədə Varqanın təzyiqlər səbəbindən boşanmanı təxirə salmağa və ya özü üçün əlverişsiz şərtlərlə razılaşmağa məcbur qaldığı iddia olunur.

Müraciət müəllifi prokurorluqdan məsələ ilə bağlı araşdırma aparılmasını, səs yazısının və digər mümkün sübutların yoxlanılmasını tələb edib.

Qeyd edək ki, sözügedən iddialar hələlik məhkəmə tərəfindən təsdiqlənməyib. Məlumatlar keçmiş həyat yoldaşının ifadələri və onun əsasında verilmiş müraciətlərə əsaslanır.