YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Yumurtanı bir il necə saxlamaq olar? - Soyuducu əvəzinə bu üsuldan istifadə edin

Yumurtanı bir il necə saxlamaq olar? - Soyuducu əvəzinə bu üsuldan istifadə edin

Yumurtaları uzun müddət ehtiyatda saxlamaq istəyənlər üçün alternativ üsul təklif edilib. Mütəxəssislərin sözlərinə görə, düzgün dondurma qaydalarına əməl etməklə yumurtaların istifadə müddətini 12 aya qədər uzatmaq mümkündür.

Demokrat.az xəbər verir ki, bu barədə Britaniyanın "Express" nəşri məlumat yayıb.

Məlumata görə, yumurtalar soyuducuda saxlanıldıqda təxminən üç həftə təzəliyini və istifadəyə yararlılığını qoruyur. Lakin daha uzun müddət saxlamaq üçün onları dondurmaq mümkündür.

Britaniya Yumurta Sənayesi Şurasının mütəxəssisləri bunun üçün yumurtaları əvvəlcə qabığından çıxarmağı, böyük plastik qaba tökərək sarısı ilə ağını yaxşıca qarışdırmağı tövsiyə edirlər. Alınan homogen qarışıq qapaqlı qaba yerləşdirilərək dondurucuya qoyulmalıdır.

Bu üsulla yumurtaları 12 aya qədər saxlamaq mümkün olsa da, mütəxəssislər keyfiyyətinin qorunması baxımından onların ilk dörd ay ərzində istifadə edilməsini daha məqsədəuyğun hesab edirlər. Həmçinin qabın üzərinə dondurulma tarixini qeyd etmək və məhsulu kiçik porsiyalarla saxlamaq məsləhət görülür.

Yumurta ağını və sarısını ayrı-ayrılıqda dondurmaq da mümkündür. Ancaq aşağı temperatur sarının strukturunu dəyişə və onun qatılaşmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün hər 240 millilitr yumurta sarısına yarım çay qaşığı duz və ya 1-1,5 xörək qaşığı şəkər əlavə etmək tövsiyə olunur. Duz gələcəkdə duzlu yeməklərdə, şəkər isə şirniyyatlarda istifadə ediləcək yumurtalar üçün uyğundur.

Mütəxəssislər dondurulmuş yumurtaları istifadə etməzdən əvvəl soyuducuda tam əridilməsini məsləhət görürlər. Onları birbaşa dondurucudan çıxararaq isti yeməklərə əlavə etmək tövsiyə edilmir.