YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Çiy yumurtasız evdə mayonez hazırlamağın asan yolu - Cəmi 2 dəqiqəyə hazır olur

Çiy yumurtasız evdə mayonez hazırlamağın asan yolu - Cəmi 2 dəqiqəyə hazır olur

Mağazalarda satılan mayonezin tərkibinə və dadına üstünlük verməyənlər ev şəraitində daha sadə və təbii sous hazırlaya bilərlər. Üstəlik, bunun üçün çiy yumurtadan istifadə etməyə ehtiyac yoxdur. Cəmi bir neçə inqrediyentlə hazırlanan ev mayonezi qatı, hamar və dadlı alınır.

Demokrat.az xəbər verir ki, bu barədə "Imagelicious" portalı yazıb.

Imagelicious kulinariya saytında dərc olunan reseptə əsasən, yumurtasız mayonezin hazırlanması cəmi iki dəqiqə çəkir. Bu üsul çiy yumurta istifadə etmək istəməyənlər, eləcə də yumurtaya allergiyası olanlar üçün alternativ hesab olunur.

Sousu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

- Yarım stəkan zeytun və ya günəbaxan yağı;
- Dörddəbir stəkan 2-3 faiz yağlı süd;
- 1 çay qaşığı süfrə və ya alma sirkəsi;
- Yarım çay qaşığı duz;
- 1 çay qaşığı xardal;
- Bir çimdik sarıkök (rəng vermək üçün, istəyə görə).

Hazırlanma qaydası

Bütün inqrediyentləri hündür qaba əlavə edin və blenderlə yüksək sürətdə 30-40 saniyə çalın. Qarışıq tədricən qatılaşaraq vahid və kreməbənzər konsistensiya almalıdır.

Reseptdə sirkənin miqdarını azaltmamaq tövsiyə olunur. Çünki məhz sirkə qarışığın emulsiya halına gəlməsinə və qatılaşmasına kömək edir. Mayonez istənilən konsistensiyanı almadıqda bir qədər əlavə sirkə istifadə etmək olar.

Hazır sousun dadını zövqə uyğunlaşdırmaq üçün duz və xardalın miqdarını dəyişmək mümkündür. İstəyə görə qarışıma sarımsaq tozu, paprika, qurudulmuş ədviyyatlar, göyərti və ya şrirça da əlavə edilə bilər.

Mənbə qeyd edir ki, evdə hazırlanan yumurtasız mayonezi soyuducuda, qapağı bağlı qabda 10 günədək saxlamaq mümkündür. Lakin sousda xoşagəlməz qoxu və ya dad yaranarsa, onu istifadə etmək olmaz.