Bəzi hallarda uşaqlar rəsmi nikah olmadan dünyaya gəlir və valideynlər ayrıldıqdan sonra ata övladına maddi dəstək göstərməkdən imtina edir. Belə vəziyyətdə analar aliment almaq hüququnun olub-olmadığı ilə bağlı çətinliklərlə üzləşirlər. Halbuki uşağın nikah daxilində və ya nikahdan kənar doğulması onun hüquqlarını aradan qaldırmır.
Bəs rəsmi nikah olmadan doğulan uşağa aliment düşürmü? Ata uşağı qəbul etmirsə, ana aliment almaq üçün hansı hüquqi yollara müraciət edə bilər?
Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın aliment almaq hüququ valideynlərinin rəsmi nikahda olub-olmamasından asılı deyil.

Onun sözlərinə görə, nikahdan kənar doğulmuş uşaqlar da nikah daxilində doğulmuş uşaqlarla eyni hüquqlara malikdirlər:
"Əsas məsələ atalığın qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmasıdır. Atanın atalığı könüllü qəbul etmədiyi halda, ana Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən məhkəməyə müraciət edərək atalığın müəyyən edilməsini tələb edə bilər. Bu zaman DNT ekspertizası və digər sübutlar nəzərə alına bilər. Atalıq müəyyən edildikdən sonra ata uşağın saxlanmasında iştirak etməli, bundan imtina etdiyi təqdirdə isə məhkəmə qaydasında ondan aliment tutulmalıdır. Bir uşaq üçün aliment, bir qayda olaraq, atanın qazancının və digər gəlirlərinin 1/4 hissəsi, 2 uşağa görə 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə 50 faizi həcmində müəyyən edilir. Əgər atanın stabil gəliri yoxdursa, aliment məbləği sabit pul məbləğində (yaşayış minimumu nəzərə alınmaqla) təyin olunur. Rəsmi nikahın olmaması atanı uşağı maddi cəhətdən təmin etmək öhdəliyindən azad etmir".


