YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Çayın hansı temperaturda içilməsi damar xəstəlikləri riskini artırır?

Çayın hansı temperaturda içilməsi damar xəstəlikləri riskini artırır?

Çay müntəzəm istehlak edildikdə ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir. Lakin içkinin temperaturu bu baxımdan mühüm rol oynaya bilər. Belə ki, həddindən artıq isti çay içənlərdə damar xəstəliklərinin yaranma ehtimalı daha yüksəkdir.

Demokrat.az xəbər verir ki, bu nəticə "Journal of Internal Medicine" (JIM) jurnalında dərc olunan araşdırmada yer alıb.

Tədqiqatçılar təxminən doqquz il ərzində Çində yaşayan 485 934 yetkin insanın sağlamlıq vəziyyətini və qidalanma vərdişlərini izləyiblər. Müşahidə müddətində iştirakçılar arasında ürək-damar və beyin damarları xəstəlikləri, ağciyər-ürək çatışmazlığı və periferik arteriya xəstəlikləri daxil olmaqla 14 863 belə hal qeydə alınıb.

Nəticələr göstərib ki, müntəzəm çay içənlərdə bu xəstəliklərin riski çay içməyənlərlə müqayisədə 11 faiz aşağı olub. Ən müsbət göstəricilər həftədə ən azı bir dəfə çay içən və gündə təxminən 6-8 fincan istehlak edən şəxslərdə müşahidə edilib.

Araşdırmada çayın növü və dəmlənmə dərəcəsinin də əhəmiyyət daşıdığı müəyyənləşib. Belə ki, qara çay ürək-damar xəstəlikləri riskinin azalması ilə yaşıl çaydan daha güclü əlaqə göstərib. Orta dəmlənmiş çayın təsiri isə daha tünd çayla müqayisə edilə bilən olub.

Bununla belə, içkinin temperaturu nəticələrə təsir edib. Çayını həddindən artıq isti, yəni yandıracaq dərəcədə içən iştirakçılarda damar xəstəliklərinin nisbi riski ümumiyyətlə çay içməyənlərlə müqayisədə 16 faiz yüksək olub.

Alimlər çayın mümkün müsbət təsirini tərkibindəki polifenollar, xüsusilə flavonoidlərlə əlaqələndirirlər. Bu bitki birləşmələri antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir və qan damarlarının fəaliyyətinə təsir göstərə bilər.

Tədqiqatçılar isə vurğulayırlar ki, araşdırma müşahidə xarakteri daşıyır və iştirakçıların özlərinin bildirdiyi məlumatlara əsaslanır. Buna görə də əldə olunan nəticələr çayın birbaşa ürək-damar xəstəliklərinin qarşısını aldığını sübut etmir, yalnız bu vərdişlə sağlamlıq göstəriciləri arasında əlaqəni ortaya qoyur.