Avtomobil həvəskarlarının yaxşı tanıdığı əfsanəvi "Toyota Celica" yenidən ralli traslarına qayıtmağa hazırlaşır. Yapon istehsalçısı məşhur modelini 2027-ci ildə Dünya Ralli Çempionatında (WRC) yarışdıracaq.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, yeni "GR Celica Rally1" modeli "Toyota Racing" komandasının heyətində debüt edəcək.
Avtomobil 1,6 litrlik turbo mühərriklə təchiz olunacaq. Onun texniki göstəricilərinin böyük hissəsi hazırkı "GR Yaris Rally1" modeli ilə eyni olacaq. Yeni avtomobilin sınaqları Finlandiyanın Yuvyaskülya şəhərində aparılır.
"Toyota"nın planları bununla da bitmir. Şirkətin "Celica"nın gündəlik istifadə üçün nəzərdə tutulan versiyası üzərində də işlədiyi bildirilir. İddialara görə, yeni yol versiyası 400 at gücünə malik 2 litrlik turbo mühərriklə təchiz oluna bilər.
Xatırladaq ki, "Celica" 1990-cı illərdə Karlos Sayns, Yuha Kankkunen və Didye Oriol kimi məşhur pilotlarla dünya rallisində böyük uğurlar qazanıb. İndi isə əfsanəvi model yeni nəsil yarış avtomobilləri ilə rəqabətə qayıtmağa hazırlaşır.


