"Bizim xalqın gözəl bir atalar sözü var: "Zərin qədrini zərgər bilər". Bu ifadə heç də təsadüfən yaranmayıb. Çünki zərin dəyərini, həqiqi qiymətini anlayan və onun qədrini bilən insanların sayı hər zaman az olub. Bədii sənətdə də vəziyyət eynidir. Keyfiyyətli ədəbiyyatı anlayan, sevən, dəyərli rəsm əsərlərini qiymətləndirə bilən insanların sayı həmişə azlıq təşkil edib. Musiqidə də belədir. Ciddi, dərin və mənalı musiqini sevən insanların sayı tarixən çox olmayıb. Sadəcə, son dövrlərdə bütün dünyada internetin və kommunikasiya imkanlarının inkişafı ilə əlaqədar yeni bir proses gedir. İnternet, mobil telefonlar, YouTube və digər platformalar vasitəsilə həm keyfiyyətli, həm də keyfiyyətsiz musiqi nümunələrinin dinləyiciyə çatması xeyli asanlaşıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında məşhur bəstəkar Cavanşir Quliyevin sözlərinə görə, artıq hansısa musiqini dinləmək üçün konsert salonuna getməyə ehtiyac yoxdur.
Onun sözlərinə görə, istədiyin əsəri internet vasitəsilə asanlıqla tapıb dinləyə bilərsən:
"Bu proses təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində müşahidə olunur. İnsanların hamısının musiqi zövqü eyni deyil. Bu, mənim fikrimcə, təkcə tərbiyə ilə bağlı məsələ deyil, həm də insanların fərdi qavrayışı və zövqü ilə əlaqədardır. Bəsit, primitiv quruluşlu musiqiləri sevən insanların sayı daha çoxdur. Həmin insanları bir stadionda topladıqda isə ortaya möhtəşəm izdiham mənzərəsi çıxır. Səhnədən təqdim olunan primitiv, sənətkarlıq baxımından zəif, bacarıqsız ifalar, qışqırıqlar və bağırışlar da həmin auditoriyanın zövqünə uyğun gəlir. Çünki onlar ciddi sənət nümunələrini, dərin mənalı əsərləri anlamaqda çətinlik çəkirlər.
Onları buna görə qınamaq da olmaz. İnsanların zövqü və qavrayışı fərqlidir. Ona görə də belə mənzərənin yaranması təəccüblü deyil. Əslində, bu, yeni proses də deyil, tarixən belə olub.
Məsələn, mən Filarmoniyada uzun illərdir simfonik konsertlərin tam dolu salonlarda keçirildiyini görmürəm. İndi də vəziyyət dəyişməyib. Konsertlərə gələnlərin əksəriyyəti ya musiqiçilər, ya da səhnədə çıxış edənlərin dostları, qonşuları və qohumları olur. Yəni həmin musiqiyə yaxınlığı olan insanlar üstünlük təşkil edir. Bu, həmişə belə olub.
Hesab edirəm ki, burada narahatlıq doğuracaq təhlükəli bir məqam yoxdur. Mən tanıdığım insanlara da deyirəm ki, daha böyük zövq almaq, mənəvi baxımdan zənginləşmək istəyirsinizsə, oturub ciddi musiqiləri dinləyin, oxuyun və öyrənin. Bunun üçün müəyyən səy göstərmək lazımdır. İstəmirsinizsə, heç kim sizi buna məcbur edə bilməz. Sadəcə, bu halda primitiv ritmləri və bəsit səsləri sevməyə davam edəcəksiniz. Sevə bilərsiniz, buna heç kimin etirazı yoxdur.
Amma mənim yazdığım əsərlər və digər ciddi bəstəkarların yaratdıqları musiqilər, belə deyək, yalnız müəyyən səviyyədə musiqi zövqü olan, onu anlaya bilən insanlar üçündür. Bizim üçün bizi anlayan bir cüt qulağın olması da kifayətdir. Ona görə də hesab edirəm ki, bu cür izdihamlı konsertlərə görə həyəcanlanmağa və narahat olmağa ehtiyac yoxdur. Bu, həmişə belə olub və belə də olacaq. Türkiyədə də müxtəlif səviyyəli musiqi nümunələri var ki, onların yaxşısı da, ortası da, pisi də. Onların hər birinin öz dinləyicisi mövcuddur. Keyfiyyətsiz musiqinin auditoriyası isə daha genişdir. Çünki musiqini dərindən anlayan insanların sayı onu anlamayanlardan həmişə az olub".

Xatırladaq ki, ötən gün "Blok3" konsertində izdiham yaşanıb. Minlərlə gəncin bu müğənniyə maraq göstərməsi sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub.


