YapiKredi Müraciət Forması
Media Cəmiyyət

"Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist işdən çıxarılır"

Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist işdən çıxarılır

Deputat Naqif Həmzəyev regionlarda 1960-1980-ci illərdə tikilmiş yaşayış binalarının təmiri ilə bağlı məsələyə diqqət çəkib.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, deputat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib ki, çox vaxt təmir işləri daha çox binaların prospektlərdən görünən hissəsində aparılır:

"Bəzi binalarda yalnız dam örtüyü və görünən hissələr təmir edilir, girişlər, liftlər və pilləkənlər isə baxımsız qalır. Hətta elə binalar var ki, onların pilləkənlərinin uçmaq təhlükəsi var. Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı da çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist bəlkə də işdən çıxarılır, yaxud müəyyən təqiblərə məruz qalır. Bu, yaxşı hal deyil, problemi gizlətməklə, növbəti illərə ötürməklə biz heç nə əldə etmirik. Bakıda nisbətən rahatdır, həll olunur. Regionlarda hamı bir nəfərdən, iki nəfərdən qorxur, heç kim də dilinə heç nə gətirə bilmir. Biz deyəndə də başqa cür çıxır".

Naqif Həmzəyev Gəncədə 2011-ci ildən davam edən kanalizasiya layihəsi ilə əlaqədar asfaltlanmayan yollar məsələsini də toxunub. O bildirib ki, uzun illərdir kanalizasiya işləri yekunlaşdıqdan sonra yolların asfaltlanacağı vəd edilsə də, 2026-cı ildə belə bəzi ərazilərdə yollar hələ də asfalt üzü görməyib.

Naqif Həmzəyev hökumət nümayəndələrinin regionlara səfərləri zamanı yalnız yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi marşrutla hərəkət etməməsini, problemləri yerində görmək üçün sakinlərlə birbaşa görüşməsini təklif edib: "Biz seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz qonşuların qarşısına biz çıxa bilmirik. Deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan, bizi niyə düşünmürsən? Yəni belə məsələlər var, xahiş edirəm bu məsələlərlə bağlı hökumət ciddi tədbirlər görsün. Bəlkə də 2027-ci il büdcəsində olmayacaq, heç olmasa növbəti 10 illiklərdə bu problemin həllinə çalışaq".

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə deputat həmkarının bəzi fikirləri ilə razılaşmayıb:

"Mən o fikirlə razı deyiləm ki, bizim elə adımız, səlahiyyətimiz yoxdur. Sizin kifayət qədər deputat kimi səlahiyyətiniz var. Əgər ondan istifadə edə bilməmisinizsə, bu sizin problemdir. Bu bir. İkincisi, deyirsiniz ki, bəzi mətbuat nümayəndələrini çəkdikləri süjetlərə görə işdən çıxarırlar. Sizdə belə fakt varmı? Varsa, zəhmət olmasa verərsiniz, baxaq".

Editor
Redaktor