Türkiyənin Niğdə şəhərində 9-cu mərtəbədən yıxılaraq həyatını itirən 40 yaşlı qadının həyat yoldaşı həbs edilib.
Demokrat.az "Haber Global"-a istinadən xəbər verir ki, hadisə İlhanlı məhəlləsində baş verib. İki uşaq anası Rukiye Demirel yaşadığı binanın 9-cu mərtəbəsindəki pəncərədən beton zəminə düşüb.
Hadisə şahidlərinin məlumatı əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Həkimlər qadının hadisə yerində öldüyünü müəyyən ediblər.
Ölümlə bağlı başladılan araşdırma çərçivəsində hadisə zamanı evdə olduğu müəyyən edilən qadının həyat yoldaşı Durmuş Demirel saxlanılıb.
Şübhəli polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilib və hakim qərarı ilə qətl şübhəsi əsasında həbs edilib.


