Meksikada silahlı şəxslər tərəfindən qaçırılan Rio Bravo şəhərinin bələdiyyə sədri Migel Anxel Almaras bir neçə saat sonra sağ tapılıb.
Demokrat.az xəbər verir ki, hadisə noyabrın 7-də ölkənin Tamaulipas ştatında baş verib.
ABŞ sərhədinə yaxın yerləşən Rio Bravo şəhərinin rəhbəri Migel Anxel Almaras ailəsi və dostları ilə birlikdə Zakatekas və San Luis Potosi ştatları arasındakı ərazidə avtomobillə hərəkət edərkən silahlı şəxslər tərəfindən saxlanılıb.
Hücum edənlər bələdiyyə sədrini özləri ilə aparıb, onunla birlikdə olan digər şəxsləri isə sərbəst buraxıblar. Almarasın ailəsi San Luis Potosi ştatındakı yaşayış məntəqəsinə çatdıqdan sonra hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Məlumata görə, naməlum şəxslər tərəfindən Zakatekas ştatına aparılan bələdiyyə sədri bir neçə saat sonra sərbəst buraxılıb və sağ olduğu müəyyənləşib.
Hadisə ilə bağlı araşdırma başlanılıb. Qaçırılmanı törədən şəxslərin kimliyi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, bələdiyyə sədrinin qaçırıldığı ərazidə "Xalisko Yeni Nəsil" (CJNG) və "Sinaloa" kartelləri də daxil olmaqla, bir sıra nüfuzlu narkotik qruplaşmaları fəaliyyət göstərir. Həmin kartellər bölgədə mülki şəxslərə və siyasətçilərə qarşı hücumları ilə tanınır.


