YapiKredi Müraciət Forması
İdman Özəl

Osimhen əməliyyat olundu - Meydanlara qayıdacağı tarix açıqlandı

Osimhen əməliyyat olundu - Meydanlara qayıdacağı tarix açıqlandı

"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen əməliyyat keçirib. Nigeriyalı hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı da məlum olub.

Demokrat.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi açıqlamasına istinadən Türkiyə mətbuatı məlumat yayıb.

UEFA Çempionlar Liqasında "Ştutqart"la keçirilən oyunda sol dizindən zədələnən 27 yaşlı futbolçunun müayinəsi zamanı dizində sərbəst fraqment aşkarlanıb. Bu səbəbdən Osimhen noyabrın 7-də artroskopik diz əməliyyatı keçirib. Əməliyyat Maslak Acıbadem Xəstəxanasında klubun həkimi Yener İncənin nəzarəti altında aparılıb.

Nigeriyalı hücumçunun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. "Qalatasaray"ın tibbi heyəti onun müalicə və reabilitasiya prosesindən sonra noyabrın 24-də "Aston Villa" ilə keçiriləcək Çempionlar Liqası matçına qədər hazır olmasını hədəfləyir.

Zədəsi səbəbindən Osimhen "Amed Sportif Faaliyetler"lə qarşılaşmanı buraxacaq. O, həmçinin millinin oyunları ilə əlaqədar fasilədən sonra keçiriləcək "Samsunspor" matçında da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 11 oyunda meydana çıxıb. Nigeriyalı forvard həmin görüşlərdə 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.