"Fənərbağça" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün Braziliya bazarına üz tutub.
Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi "Botafoqo"nun yarımmüdafiəçisi Danilonu transfer siyahısına daxil edib. Braziliyanın "RTI Esporte" nəşrinin məlumatına görə, 25 yaşlı futbolçu baş məşqçi Emre Belözoğlunun rəhbərliyi altında komandanın orta xəttini gücləndirmək üçün nəzərdən keçirilən namizədlərdən biridir.
Bildirilir ki, "Dənərbağça" rəhbərliyi təkcə Danilonu deyil, Cənubi Amerikada çıxış edən digər braziliyalı futbolçuları da izləyir. Klubun yanvar ayında bu istiqamətdə konkret addımlar ata biləcəyi ehtimal olunur.
Danilo 2025-ci ilin iyulunda İngiltərənin "Nottingem Forest" klubundan "Botafoqo"ya keçib. Braziliya təmsilçisi onun transferi üçün təxminən 22 milyon avro ödəyib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyuluna qədərdir.
Braziliyalı yarımmüdafiəçiyə Rusiyanın "Zenit" klubu da maraq göstərib. Məlumata görə, Sankt-Peterburq təmsilçisi bonuslarla birlikdə 40 milyon avroya çata biləcək təklif irəli sürsə də, Danilo bu variantı qəbul etməyib. Onun Rusiya çempionatında çıxış etmək istəmədiyi bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, Danilonun "Botafoqo" ilə müqaviləsində beynəlxalq transferlər üçün 200 milyon avroluq sərbəstqalma məbləği göstərilib. Bununla belə, bəzi sənədlərdə 20 milyon avroluq fərqli rəqəmin yer aldığı iddia edilir.
2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində yer alan futbolçunun Avropa klublarının diqqətini yenidən cəlb etdiyi vurğulanır. "Botafogo"nun Danilonun transferi üçün 40 milyon avro tələb edə biləcəyi də bildirilir.


