YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Qazanın dibindəki yanmış qalıqları təmizləməyin sadə yolu açıqlandı

Qazanın dibindəki yanmış qalıqları təmizləməyin sadə yolu açıqlandı

Qazanların dibində və divarlarında zamanla yaranan qara yanıq izlərini təmizləmək heç də asan olmur. Xüsusilə uzun müddət qalan və bərkiyən çöküntüləri aradan qaldırmaq üçün çox vaxt güclü kimyəvi vasitələrdən və sərt sürtmədən istifadə edilir. Lakin ev şəraitində olan sadə bir məhsulla bu problemin öhdəsindən gəlmək mümkündür.

Demokrat.az-ın UNİAN-a istinadən məlumatına görə, qazanların içərisindəki yanmış qalıqları təmizləmək üçün adi yemək sodasından istifadə etmək olar.

Bunun üçün qazanın dibinə ölçüsündən asılı olaraq 2-4 xörək qaşığı soda tökmək, üzərinə yanmış hissələri tam örtəcək qədər su əlavə etmək lazımdır. Daha sonra qabı orta istilikdə ocağa qoyaraq qarışığı qaynama həddinə çatdırmaq və təxminən 30 dəqiqə qaynatmaq tövsiyə olunur.

Proses başa çatdıqdan sonra qazanı ocaqdan götürüb qarışığın soyumasını gözləmək lazımdır. Bildirilir ki, soda yanmış çöküntülərin yumşalmasına kömək edir və nəticədə qara qalıqlar divarlardan ayrılaraq xırda hissələr şəklində tökülür. Bundan sonra onları adi süngərlə təmizləmək və qabı qab yuyan vasitə ilə yaxalamaq kifayətdir.

Bu üsul əsasən paslanmayan poladdan hazırlanan qazanlar üçün uyğundur. Lakin yapışmayan örtüyə malik qablarda tətbiq edilməsi məsləhət görülmür.

Əgər yanıq izləri çox köhnədirsə və soda ilə təmizlənmirsə, alternativ üsuldan da istifadə etmək olar. Bunun üçün qazana bərabər miqdarda su və sirkə tökərək qarışığı bir neçə dəqiqə qaynatmaq lazımdır. Daha sonra ocaq söndürülür və qarışığa bir xörək qaşığı soda əlavə edilir. Bu zaman köpüklənmə baş verir və yaranan qabarcıqlar çöküntülərin yumşalmasına kömək edə bilər.

Mütəxəssislər isə yanmış qalıqların qabda uzun müddət saxlanılmamasını tövsiyə edirlər. Çünki çirklənmə nə qədər gec təmizlənərsə, onu aradan qaldırmaq bir o qədər çətinləşir.

Qeyd edək ki, sirkə və soda qarışığını qapalı qabda hazırlamaq olmaz. Təmizləmə zamanı otağın havalandırılması, qabın materialına uyğun üsul seçilməsi vacibdir.