"Qalatasaray"ın seneqallı futbolçusu İsmail Jakobsla "Fənərbağça"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva arasında sevgi münasibəti olduğu iddia edilir. İkilinin İstanbulun Etiler bölgəsindəki gecə klublarından birində görüşdüyü, jurnalistləri gördükdən sonra məkanı ayrı-ayrı qapılardan tərk etdiyi bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediasına istinadən "Onedio" məlumat yayıb.
Hadisənin "Qalatasaray"ın UEFA Çempionlar Liqasının IV turunda "Ştutqart"ı 2:0 hesabı ilə məğlub etməsindən sonra baş verdiyi bildirilir. Qarşılaşmadan sonra komandanın futbolçuları Lukas Torreyra və İsmail Jakobs Etilerdə yerləşən lüks gecə klublarından birinə yollanıblar.
Məkanın qarşısında gözləyən fotoqraflar futbolçuların çıxışını lentə alıblar. Torreyra ağ köynək və qəhvəyi şalvarda, Jakobs isə ağ üst geyim və kamuflyaj naxışlı şalvarda görüntülənib. Futbolçular jurnalistlərin suallarını cavablandırmadan avtomobillərinə əyləşiblər. Həmin görüntülər daha sonra Torreyra tərəfindən İnstaqram hesabında da paylaşılıb.
Jurnalistlərdən yayınmaq üçün fərqli qapılardan çıxıblar
Türkiyənin "Sözcü" nəşrinin məlumatına görə, Jakobs gecə klubunda "Fənərbağça"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə də görüşüb. İddialara əsasən, ikili gecəni birlikdə keçirib. Bəzi nəşrlər onların bir müddətdir münasibətdə olduğunu da yazıb.
Məlumata görə, jurnalistlərin klubun qarşısında olduğunu görən Fedorovtseva diqqət çəkməmək üçün başqa çıxışdan istifadə edib. Jakobs və Torreyra əsas qapıdan ayrıldıqları halda, rusiyalı voleybolçunun fərqli qapıdan çıxdığı iddia olunur. Onun məkanı tərk etməsinə dair hələlik hər hansı görüntü yayılmayıb.
Qeyd edək ki, İsmail Jakobs 2024-cü ilin yayında "Monako"dan "Qalatasaray"a transfer olunub. Arina Fedorovtseva isə "Fənərbağça Medicana"nın formasını geyinir.
Fedorovtsevanın şəxsi həyatı daha əvvəl də Türkiyə mətbuatında müzakirə olunub. Onun "Eyüpspor"un qapıçısı Berke Özərin oyununu tribunadan izləməsi də vaxtilə münasibət iddialarına səbəb olmuşdu.
Hazırkı iddialarla bağlı nə İsmail Jakobs, nə də Arina Fedorovtseva açıqlama verib. İddiaların tərəflər tərəfindən təsdiqlənmədiyini də qeyd etmək lazımdır.


