YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray" Batrakovun maaşını artırır - Qiyməti 100 milyon avroya yüksəldilir

Qalatasaray Batrakovun maaşını artırır - Qiyməti 100 milyon avroya yüksəldilir

"Qalatasaray" gənc futbolçusu Aleksey Batrakovu komandada saxlamaq üçün hərəkətə keçib. İstanbul klubu rusiyalı yarımmüdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləğini artırmağı və illik maaşına ciddi əlavə etməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Bildirilib ki, Batrakov bu mövsüm UEFA Çempionlar Liqasında keçirdiyi dörd oyunda dörd qol vuraraq diqqətləri üzərinə çəkib. Onun çıxışı Avropanın bir sıra aparıcı klublarının da marağına səbəb olub.

Məlumata görə, "Qalatasaray" mövsümün əvvəlində Moskva "Lokomotiv"indən 25 milyon avroya transfer etdiyi 21 yaşlı futbolçunun müqaviləsindəki 55 milyon avroluq sərbəstqalma məbləğini 100 milyon avroya çatdırmaq istəyir.

Bununla yanaşı, Batrakovun illik maaşının 3 milyon 250 min avrodan 6 milyon avroya yüksəldilməsi nəzərdə tutulur. İstanbul təmsilçisinin yaxın günlərdə futbolçunun meneceri ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Batrakovun "Qalatasaray"la müqaviləsi 2031-ci ilin iyun ayına qədər qüvvədədir. Futbolçunun gələcək satışından əldə olunacaq mənfəətin 15 faizi isə onun əvvəlki klubu "Lokomotiv"ə çatacaq.

Məlumata əsasən, "Barselona", PSJ, "Çelsi" və "Liverpul" da gənc futbolçunun çıxışını yaxından izləyir.