Bakının Yasamal rayonunda iki nəfər arasında borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, 1-ci Alatava küçəsi, 68 ünvanında baş verib. 1991-ci il təvəllüdlü Sadiq həmin ünvanda olarkən tanışı Bəhram (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisəyə səbəb tərəflər arasında borc məsələsi olub. Belə ki, Bəhram Sadiqin götürdüyü 100 manat borcu qaytarmadığını və verdiyi vədə vaxtında əməl etmədiyini əsas gətirərək onunla mübahisə edib.
Aralarında yaranan mübahisə zəminində Sadiq yumruq zərbələri ilə Bəhramın çənə və baş nahiyəsinə zərbələr endirərək ona xəsarətlər yetirib.
Sadiqə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ondan şikayət və tələbinin olmadığını bildirib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


