Salyan rayonuna gedən yolda, Şirvan kanalı üzərindən keçən magistral körpüdə tətbiq edilən yol nişanlanması sürücülərin narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə vətəndaşlardan müraciət daxil olub.
Onlar bildiriblər ki, sözügedən körpüdə hərəkət zolaqlarını ayıran bütöv (kəsilməz) xətt çəkilib:
"Körpüdən təxminən 50 metr aralıda yerləşdirilən nəzarət kamerası vasitəsilə bütöv xətti tapdalayan avtomobillər qeydə alınır. Daha sonra sürücülər Salyan Yol Polisi postunda saxlanılaraq cərimələnirlər".

Vətəndaşların sözlərinə görə, sual doğuran məqam eyni magistral yol üzərində yerləşən digər körpülərdə fərqli yol nişanlanmasının tətbiq edilməsidir:
"Qobustan qəsəbəsindəki körpüdə, eləcə də Ələt qəsəbəsində dəmiryolu üzərindən keçən körpüdə qırıq-qırıq xətlərdən istifadə olunur.
Bu vəziyyət sürücülər arasında bir sıra suallar yaradır. Şirvan kanalı üzərindəki körpüdə niyə məhz bütöv xətt çəkilib? Bu qərar hansı texniki və təhlükəsizlik əsaslarına söykənir? Eyni magistral yol üzərində yerləşən oxşar körpülərdə niyə fərqli nişanlanma tətbiq edilir?
Həmçinin sözügedən yol nişanlanmasının təsdiq edilmiş layihəyə və qüvvədə olan standartlara uyğun olub-olmadığı da aydınlaşdırılmalıdır".

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində, Şirvan kanalı üzərində yerləşən körpüdə və ona yaxınlaşma sahələrində 1.1 nişanlanma xəttinin (bütöv xətt) tətbiqi hərəkət təhlükəsizliyinin təmin edilməsi zərurətindən irəli gəlir.
Onun sözlərinə görə, həmin yol sahəsində bütöv xəttin çəkilməsi körpü üzərində manevrlər zamanı, o cümlədən körpünün yaxınlığındakı yan yollara daxil olan və oradan çıxan nəqliyyat vasitələri ilə toqquşma riskinin qarşısını almaq məqsədi daşıyır:
"Digər körpülərdə bu cür risk ehtimalı aşağı olduğundan nəqliyyat vasitələrinin sərbəst manevrinə icazə verilib".


