Bakının Sabunçu rayonunda qonşular arasında mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisində, nömrəsiz ünvanda baş verib.
Qubadlı rayon sakini, 1970-ci il təvəllüdlü Həmid həmin ərazidə yerləşən evlərinin qarşısında qonşuluqda yaşayan Aftandil (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisəyə səbəb Aftandilin onunla kobud danışması olub. Bu səbəbdən yaranan mübahisə zamanı Həmid qəsdən əli ilə Aftandilin üz nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirib.
Həmidə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Həmid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən Həmid cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.


