Aktrisa Pərvin Abıyevanın ərə getmədən uşaq sahib olması ilə bağlı istəyini dilə gətirməsi müzakirələrə səbəb olub.
İlahiyyatçı Fazil Əhməd Demokrat.az-a açıqlamasında bu məsələnin milli-mənəvi dəyərlərə zidd olduğunu deyib.
Onun sözlərinə görə, bu normaldır, hər bir qadın ana olmaq istəyər:
"Bunu heç kim ona qadağan edə bilməz. Bu, qadının fitri xüsusiyyətidir, Allah tərəfindən verilən bir hissdir. Elə buna görə də bəzən qadınlar karyeraya, uzunmüddətli iş prosesinə həddindən artıq vaxt ayırdıqları üçün tənqid olunurlar. Vaxt keçdikdən sonra isə anlayırlar ki, bu, həm psixoloji, həm də tibbi baxımdan orqanizmlərinə mənfi təsir göstərib. Yəni onlar ailə qurmalı, övlad sahibi olmalı idilər.
Bütün bunları bir kənara qoyaraq, yalnız karyeranın ardınca getmək də tənqid olunur. Bu, təkcə dini baxımdan deyil, sosial və psixoloji baxımdan da belədir. Psixoloqlar da bəzən qadınlarda müəyyən yaş dövrlərindən sonra bəzi xəstəliklərin ortaya çıxmasını və ya psixoloji vəziyyətlərində problemlərin yaranmasını analıq hissinin başqa istəklərə qurban verilməsi ilə əlaqələndirirlər. Bu, doğrudan da acınacaqlı haldır. Burada əsas məsələ qızıl ortanı tapmaqdır. İslam qadının karyera və övlad sahibi olmasının əleyhinə deyil. Əksinə, qadının təhsil alması çox mühümdür. Bu, xüsusilə uşaqların tərbiyəsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, qadının ana olmaq istəyinin atasının kimliyi bəlli olmayan uşaq dünyaya gətirmək və bunun üçün evlənməyə ehtiyac duymamaq formasında təzahür etməsi milli-mənəvi dəyərlərə xələl gətirən məsələdir.
İslamda süni mayalanmaya icazə verilir. Buna icazə var. Lakin bunun üçün yalnız həyat yoldaşlarına məxsus reproduktiv hüceyrələrdən istifadə olunmalıdır.
Amma hazırda bəzi hallarda donorlardan, mənşəyi və kimə məxsus olduğu bəlli olmayan reproduktiv hüceyrələrdən istifadə edilir. Bu, şəriət baxımından da qadağandır. Eyni zamanda, belə halların geniş yayılması gələcəkdə cəmiyyətdə ailə institutunun zəifləməsinə və dağılmasına səbəb ola bilər. Ona görə də indidən bu məsələyə dair çağırışlar edilməli, xəbərdarlıqlar səsləndirilməlidir. Kimlərinsə bu yanaşmanın xoşuna gəlməsi, onu tərifləməsi və ya müsbət təqdim etməsi vəziyyəti dəyişmir. Hər hansı sosioloq və ya psixoloq öz subyektiv baxışına əsaslanaraq deyə bilər ki, insan övlad sahibi olmaq istəyir, lakin özünə uyğun kişi tapa bilmir və buna görə də başqa yola əl atır.
Ancaq belə hallarda milli-mənəvi dəyərlər məsələsi də nəzərə alınmalıdır. Çünki bu yanaşma ailə institutunun zəifləməsinə səbəb ola bilər. Qadınlar arasında hər hansı bir məsələnin trendə çevrilməsi, mediada tez-tez işıqlandırılması bir növ reklam və təşviq effekti yarada bilər. Beləliklə, qadınların müəyyən davranışa kütləvi şəkildə yönəlməsi ehtimalı artır. Məsələn, daxilində belə bir istək olan, kişilərə qarşı mənfi münasibət bəsləyən və ya boşandıqdan sonra yenidən ailə qurmaq istəməyən, lakin övlad sahibi olmaq arzusunda olan qadınlar ola bilər. Onlardan bəziləri ilk addımı atmaq istəməsə də, bu yanaşmanın mediada geniş müzakirə olunması həmin istəyi üzə çıxara və onları da eyni addımı atmağa sövq edə bilər. Bu, domino effekti yaradaraq getdikcə yayıla və sonradan qarşısının alınmasını çətinləşdirə bilər. Nəticədə ailə institutunun zəifləməsi və dağılması prosesi sürətlənə bilər.
Onsuz da Azərbaycanda ailə institutu əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Boşanmaların sayının artması da bunun göstəricilərindən biridir. Eyni zamanda, ailədaxili münaqişələri təhlil etdikdə məlum olur ki, əvvəlki dövrlərlə müqayisədə ailələrdə problemlər getdikcə artır. Müəyyən tədbirlərin görülməməsi isə vəziyyəti daha da ağırlaşdırır. Məsələn, bəzi qadınlar düşünürlər ki, boşandıqları halda aliment alacaqlar və özləri də işləməklə dolana biləcəklər. Onlar alimentin məbləğini öz subyektiv düşüncələrinə əsasən hesablayırlar. Bu yanaşma da müəyyən hallarda qadınlarda ailəni dağıtmağa meyil yarada bilər.
İslam baxımından məqbul hal sayılmır və qınanılır. Eyni zamanda, hesab edirəm ki, bu məsələyə sosial və psixoloji baxımdan da yanaşmaq lazımdır. Əgər belə bir tendensiya cəmiyyətdə geniş yayılarsa, bu, ciddi fəsadlara yol aça bilər. Bunun gələcək nəticələri ailələrin sayının azalması, ailə qurmağa ehtiyacın zəifləməsi və ənənəvi ailə modelinin arxa plana keçməsi ola bilər. Bir qadın övlad sahibi olduqdan sonra belə düşünə bilər ki, artıq övladım var, yenidən ailə qurmağa, özümə problem yaratmağa, kiminsə mənə göstəriş verməsinə nə ehtiyac var? Övladım üçün yaşayacağam". Bu cür düşüncələrin təşviq olunması cəmiyyətdə yeni tendensiyaya çevrilə bilər. Bu isə ümumilikdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və cəmiyyətimizin ənənələrinə ziddir. Onsuz da zəifləyən ailə institutunun daha da zəifləməsinə və deqradasiyaya uğramasına şərait yarada bilər.
Düşünürəm ki, ağıllı, cəmiyyətimizin gələcəyini düşünən insanlar bu barədə öz fikirlərini bildirməlidirlər. Məsələni konkret şəxslərin üzərində qurmaq istəmirəm. Bunu ilk dəfə kimin etməsindən, hər hansı müğənninin bu addımı atmasından və ya bu barədə fikir səsləndirməsindən asılı olmayaraq, müzakirəni həmin şəxslərin üzərində aparmağı doğru hesab etmirəm. Söhbət konkret şəxsdən deyil, bir düşüncədən və ideyadan gedir. Bu yanaşmaya Avropada, Qərbdə və Türkiyə cəmiyyətində də rast gəlinir. Hər hansı müğənninin belə bir addım atmasını əsas götürərək müzakirəni onun üzərində qurmaq düzgün deyil. Sadəcə, fikir və ideya olaraq bu yanaşma tənqid edilməlidir. Əsas narahatlıq doğuran məqam onun ənənəyə çevrilməsi və qadınların bu istiqamətdə təşviq olunmasıdır. Bundan ehtiyat etmək lazımdır".


