Azərbaycanda kənd təsərrüfatı sahəsində satış prosesinin rəqəmsallaşdırılması, fermerlərin və yerli istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi məsələsi gündəmə gəlib. Belə mexanizmlər fermerlərə məhsullarını daha geniş alıcı kütləsinə təqdim etmək, satış prosesini asanlaşdırmaq və bazarda şəffaflığı artırmaq imkanı yarada bilər.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, yeni rəqəmsal platformalara keçid müsbət nəticələr verəcək:

"Çünki informasiyanın daha sürətli və şəffaf əldə olunmasına imkan yaradacaq. Alıcılar heyvanlar haqqında məlumatları rahatlıqla izləyə biləcəklər. Bu sistem o zaman uğurlu olacaq ki, fiziki heyvan bazarları dərhal bağlanmasın, paralel olaraq elektron ticarət platforması da inkişaf etdirilsin və alqı-satqı prosesi tədricən bu sistemə keçirilsin. Aqrar sahəyə məsul qurumun rəhbəri də bu prosesin gələcəkdə həyata keçiriləcəyini bildirib. Əslində, canlı heyvan bazarlarının elektron satış platformaları ilə əvəzlənməsi beynəlxalq təcrübədə geniş istifadə olunur. Yəni burada tətbiq ediləcək sistem yeni bir təcrübə deyil, mövcud beynəlxalq təcrübənin Azərbaycana uyğunlaşdırılmasıdır. Bunun kifayət qədər müsbət tərəfləri var. İlk növbədə, informasiya şəffaflığı artacaq. Heyvanı alan şəxs onun mənşəyi, cinsi, xəstəlikləri, baytarlıq nəzarətindən keçib-keçməməsi və digər xüsusiyyətləri barədə məlumat əldə edə biləcək. Bu da risklərin azalmasına səbəb olacaq. Alıcılar heyvan alarkən daha dolğun və şəffaf məlumat əsasında qərar verəcəklər. Nəticədə həm qiymətlərin ədalətsiz formalaşmasının qarşısı alınacaq, həm də xəstəliklərin yayılma riski azalacaq".
İqtisadçı əlavə edib ki, digər mühüm məqam logistika xərcləri ilə bağlıdır:
"Hazırda heyvanlar satış məqsədilə nəqliyyat vasitələrinə yüklənərək bazara aparılır, satılmadıqda isə yenidən geri qaytarılır. Bu proses əlavə xərc yaradır. Elektron platformaya keçid zamanı həmin xərclərin əhəmiyyətli dərəcədə azalması mümkündür. Bundan başqa, ənənəvi bazarlarda alqı-satqı prosesində vasitəçilər də iştirak edir. Onların fəaliyyəti ayrıca bir sahə olsa da, elektron ticarət sistemində vasitəçilərə ehtiyac xeyli azala bilər. Heyvanların fiziki daşınması ilə bağlı xərclərin azalması isə son nəticədə satış qiymətlərinə də müsbət təsir göstərə bilər. Ancaq bu sistemə keçid o qədər də asan olmayacaq. Çünki fermerlərin və heyvandarlıqla məşğul olan şəxslərin bir qismi rəqəmsal platformalardan istifadə etməyə kifayət qədər alışmayıb. Onların əsas fəaliyyəti heyvan saxlamaq və yetişdirməkdir. Elektron ticarət üçün isə internetə çıxış, bank hesabı, elektron ödəniş imkanları və sistemə etimad kimi məsələlər həllini tapmalıdır. Heyvanın birja üzərindən satılması, ödənişin bank hesabına köçürülməsi də müəyyən uyğunlaşma tələb edir. Ona görə də ən düzgün yanaşma fiziki heyvan bazarlarını qorumaqla yanaşı, elektron platformalara mərhələli keçidi təmin etməkdir. Kim elektron platforma vasitəsilə satış həyata keçirmək istəyirsə, bundan istifadə edə bilər, ənənəvi bazara üstünlük verənlər isə əvvəlki qaydada fəaliyyətlərini davam etdirə bilərlər. Zamanla fermerlər yeni sistemə alışdıqca elektron ticarətin əhatə dairəsini genişləndirmək mümkündür".


