"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb".
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov VGTRK telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşlərin tarixi hazırda Vaşinqtonla razılaşdırılır. Danışıqların noyabr ayında baş tutması planlaşdırılır.
Uşakov konkret tarixin müəyyənləşdirilməsinin həm daxili, həm də beynəlxalq xarakterli bir sıra amillərdən asılı olduğunu qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqlarda Avropa ölkələrinin iştirakının nəzərdə tutulmadığını açıqlamışdı. O, Moskvanın Avropa İttifaqının sülhməramlı mövqe tutduğunu görmədiyini bildirmişdi.
Qeyd edək ki, oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bəyan etmişdi.


