"Mənzil-kommunal sahələri tərəfindən sakinlərdən ev pulu adı ilə yığılan vəsaitlərin həddindən artıq yüksək olduğunu demək olmaz"
Bu sözləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, yığımlar həmin sahədə fəaliyyətin həyata keçirilməsi üçün kifayət etmir.
"Bəzi binalarda mülkiyyətçilər və komendantlar tərəfindən idarə olunan binalarda yığımlar daha yüksəkdir. Toplanan vəsaitlər həmin binaların saxlanmasına və yaranan problemlərin aradan qaldırılmasına sərf olunmalıdır.
Bəzi hallarda görürük ki, mənzil-kommunal sahələri faktiki olaraq dövlət dotasiyası ilə işləyirlər".
Ekspert bildirib ki, mənzil-kommunal sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. O qeyd edib ki, bu sahədə yeni hüquqi statusun müəyyənləşdirilməsi və fəaliyyətin daha təkmil formada təşkili istiqamətində işlər aparılır.
O, həmçinin qeyd edib ki, mənzil-kommunal sahələri tərəfindən sakinlərdən ev pulu adı ilə yığılan vəsaitlərin həddindən artıq çox olduğunu və başqa istiqamətlərə sərf edildiyini söyləmək düzgün deyil.


