YapiKredi Müraciət Forması
Özəl Sosial

Yeni elektron sistem əmlak qiymətlərinə necə təsir edəcək?

Yeni elektron sistem əmlak qiymətlərinə necə təsir edəcək?

Prezident İlham Əliyev Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi haqqında Əsasnaməni təsdiqləyib. Yeni platformada daşınmaz əmlaka dair məlumatlar vahid bazada toplanacaq. İqtisadiyyat Nazirliyi 18 ay ərzində mövcud sənədlərin sistemə daxil edilməsini və torpaqların elektron kadastr məlumatlarının yeni platformaya köçürülməsini təmin edəcək. Bundan sonra köhnə sistemin fəaliyyəti dayandırılacaq.

Bu sistemin tam işə düşməsi daşınmaz əmlak bazarında sənədləşmə müddətini və qiymətləri necə dəyişəcək? Köhnə torpaq kadastr sisteminin ləğvi çıxarışsız torpaqların taleyinə necə təsir göstərəcək? Keçid dövründə daşınmaz əmlak alqı-satqısında hər hansı durğunluq və ya texniki ləngimə gözlənilirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın elektron reyestri və kadastrı informasiya sisteminin yaradılması, daşınmaz əmlak bazarında, ilk növbədə, məlumat şəffaflığının artırılması və sənədləşmə prosesinin təkmilləşdirilməsi baxımından mühüm addımdır:

Yeni elektron sistem əmlak qiymətlərinə necə təsir edəcək?

"Ölkəmiz uzun müddətdir müstəqillik əldə etsə də, 30 ildən çox vaxt keçməsinə baxmayaraq, reyestrin tam formalaşmaması olduqca ciddi problem idi. Məhz bu fərmanla həmin problemin aradan qaldırılması istiqamətində addımların atılması təqdirəlayiqdir. Fərmana əsasən, bu istiqamətdə işlərin görülməsi üçün 18 ay müddət müəyyən edilib. Həmin müddətdə həyata keçiriləcək tədbirlərin nəticəsi olaraq ölkəmizdə daşınmaz əmlak, o cümlədən ölkə ərazisində yerləşən müxtəlif əmlak növləri barədə tam və dolğun məlumat bazasının formalaşmasını gözləyirik. Bu prosesdən sonra sənədsiz evlərin qeydiyyatı istiqamətində də müvafiq addımların atılacağına böyük ümidlər var. Vahid elektron baza müxtəlif qurumlarda mövcud olan fərqli məlumatların uzlaşdırılması və dolğun informasiya sisteminin yaradılması üçün kifayət qədər ciddi baza rolunu oynaya bilər. Sənədləşmə müddətinin azaldılması da sistemin operativ fəaliyyəti baxımından olduqca vacibdir. Əgər bu fərmandan sonra 18 ay ərzində daşınmaz əmlak reyestri və kadastrı da daxil olmaqla, bütün xidmətlərin rəqəmsallaşdırılması istiqamətində lazımi addımlar atılarsa, nəticədə əmlak reyestri tam formalaşar. Bundan sonra daşınmaz əmlakın qeydiyyatı, idarə olunması, alqı-satqısı və digər əlaqəli əməliyyatlar vahid sistem əsasında daha dəqiq, qüsursuz və dolğun məlumatlar üzərindən həyata keçirilə bilər. Bu, həmçinin əmlakların müqayisəsi, onların alqı-satqısı barədə məlumatların toplanması, reyestr və kadastr sisteminin tam formalaşdırılması üçün əlverişli şərait yarada biləcək addımdır. Köhnə bazanın fəaliyyətinin 18 aydan sonra dayandırılması və yeni sistemin fəaliyyətə başlaması indiyədək mövcud olan bir sıra mübahisəli məsələlərin aradan qaldırılmasına da kömək edə bilər. Bildiyimiz kimi, bəzi ərazilərdə torpaq sahələrinə sahiblik və mülkiyyət hüquqları, torpaq sahələrinin sərhədləri, hətta qonşu torpaq sahələrinin dəqiq koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Bu problemlərin həlli istiqamətində mühüm addımların atılması məhz yeni sistem vasitəsilə mümkün ola bilər. Qiymətlərə gəlincə, tam formalaşmış əmlak reyestri vasitəsilə daşınmaz əmlakın qiymətlərini daha dəqiq müəyyənləşdirmək və müqayisə etmək mümkün olacaq. Bu da qiymətləndiricilər üçün olduqca əlverişli şəraitin yaranması deməkdir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq bizim əsas gözləntilərimizdən biri də qiymətləndiricilərin reyestr və kadastr məlumatlarına, eləcə də alqı-satqı əməliyyatları barədə informasiyalara çıxış imkanlarının təmin edilməsidir. Bildiyiniz kimi, bu məlumatların bir qismi hazırda Ədliyyə Nazirliyində, digər məlumatlar isə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Əmlak Məsələləri Dövlət Xidmətində yerləşir. Qiymətləndiricilərə bu məlumatlardan istifadə etmək üçün müvafiq giriş imkanlarının verilməsi olduqca vacibdir. Bu, real və obyektiv qiymətləndirmənin aparılması üçün ciddi əsas yarada, eyni zamanda, qiymətlərin daha dəqiq müəyyənləşdirilməsinə imkan verə bilər. Formalaşmış əmlak reyestri, dəqiq koordinatlara malik torpaq sahələri, eləcə də kadastr və reyestr sisteminin yüksək səviyyədə təşkili özlüyündə qiymətlərin artmasına və ya azalmasına səbəb olmayacaq. Sadəcə, qiymətlərin daha dəqiq müəyyənləşdirilməsi üçün şərait yaradacaq. Qiymət artımı yalnız indiyədək sənədləşmə, yəni mülkiyyət sənədlərinin alınması ilə bağlı problemlər yaşanan obyektlərdə mülkiyyət sənədləri əldə edildiyi halda baş verə bilər. Belə obyektlərdə sənədləşmənin tamamlanması onların bazar dəyərinə müsbət təsir göstərə və qiymətlərin artmasına səbəb ola bilər".

Vüqar Oruc əlavə edib ki, köhnə torpaq kadastr sisteminin yeni elektron reyestr və kadastr platforması ilə əvəzlənməsi zamanı çıxarışsız torpaqların taleyi mühüm əhəmiyyət daşıyacaq:

"Çünki torpaq sahələrinin bir qismi barədə məlumatlar müxtəlif dövrlərdə tərtib edilmiş sənədlərdə, arxivlərdə və ayrı-ayrı dövlət qurumlarının informasiya bazalarında saxlanılır. Bu məlumatların vahid platformada birləşdirilməsi, təhlil edilməsi və araşdırılması çıxarışsız torpaqların taleyinə də müsbət təsir göstərə bilər. Belə ki, həmin torpaq sahələri ilkin olaraq kadastr sistemində qeydə alına, müəyyən müddətdən sonra isə onların hüquqi vəziyyəti və qanuniliyi yoxlanılaraq reyestrə daxil edilməsi mümkün ola bilər. Bildiyiniz kimi, kadastr faktiki mövcud olan torpaq sahələrinin, obyektlərin və digər daşınmaz əmlak növlərinin yerləşməsini, sərhədlərini və xəritəsini müəyyənləşdirir. Yəni daha çox coğrafi məlumatları özündə ehtiva edir. Reyestr isə həmin əmlakların hüquqi vəziyyətini əks etdirir. Kadastrdan reyestrə keçid, təbii ki, müəyyən yoxlamalar və dəqiqləşdirmələr aparıldıqdan sonra həyata keçirilə bilər. Bu zaman torpaq sahələrinin və digər obyektlərin qanunvericiliyə uyğun inşa edilib-edilmədiyi, eləcə də onlara sahiblik hüququnun qanuni əsaslarla əldə olunub-olunmadığı araşdırılmalıdır.

Sədrin sözlərinə görə, yeni sistemə keçidin 18 aydan sonra həyata keçirilməsi həmin müddət ərzində köhnə sistemin qüvvədə qalması deməkdir:

"Bu müddətdə alqı-satqı prosesi öz axarında davam edəcək və mülkiyyət hüququ təsdiqlənmiş, çıxarışı olan obyektlərin alqı-satqısı həyata keçiriləcək. Yeni sistemin funksionallığı yüksək səviyyədə təmin olunarsa, rəqəmsallaşma prinsiplərinə əməl edilərsə və platforma lazımi şəkildə təkmilləşdirilərsə, hər hansı texniki ləngimənin baş verməsi gözlənilmir. Yəni əməliyyatlar öz axarında və qaydasında həyata keçirilə bilər. Yeni sistemin əsas məqsədi də əməliyyatları çətinləşdirmək deyil, əksinə, gələcəkdə onları daha sürətli, şəffaf və təhlükəsiz etməkdir. Təbii ki, hər hansı texniki problemin yaranması ehtimalı var. Lakin inanıram ki, mütəxəssislərimizin köməyi ilə bu problemlər vaxtında və lazımi səviyyədə aradan qaldırılacaq. Bu prosesin həyata keçirilməsi həm dövlətin institusional əsaslarının möhkəmləndirilməsi, əmlak sisteminin qaydaya salınması, həm də vətəndaşların əmlak hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, sənədləşmə xidmətlərinin fasiləsiz həyata keçirilməsi və yarana biləcək texniki problemlərin qısa müddətdə aradan qaldırılması üçün mükəmməl texniki imkanların yaradılması istiqamətində atılmış vacib addımdır".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir