Sosial şəbəkələrdə Hellouin (Halloween) partiləri ilə bağlı elanlar paylaşılır. Son illərdə ölkəmizdə də bu bayrama marağın artdığı müşahidə olunur.
Hellouin kimi bayramların Azərbaycanda keçirilməsinin və getdikcə yayılmasının əsas səbəbləri nədir?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Qərb mədəniyyətinə xas olan bayramların və tədbirlərin Azərbaycanda keçirilməsi, getdikcə yayılması qloballaşma prosesi ilə bağlıdır:

"Bu, qloballaşma tendensiyası və dünyada baş verən inteqrasiya meyilləri ilə birbaşa bağlıdır. Məlumatlılıq səviyyəsinin artması, gediş-gəlişin çoxalması, müxtəlif ölkələr arasında əlaqələrin inkişafı qarşılıqlı təsirə səbəb olur. Azərbaycan adətlərinə uyğun olmayan bayramlarla yanaşı, milli bayramlarımız da diasporumuzun yaşadığı müxtəlif ölkələrdə fərqli formalarda qeyd olunur. Hansısa yemək, geyim tərzi və ya ifadənin geniş yayılması istisna deyil. Hellouinin yayılmasına gəlincə, bayramın əyləncəli xarakter daşıması, müxtəlif insanları, xüsusilə də gəncləri cəlb etməsi və mövsümi tədbirlərlə əlaqəli olması marağı artırır. Səhv etmirəmsə, Hellouin balqabaqla da əlaqəlidir. İnsanlar müxtəlif maskalardan istifadə edərək bayramı əyləncə formasında qeyd etməyə çalışırlar. Bayramın qeyd edilməsində pis heç nə yoxdur. Məsələyə yanaşmalar fərqli ola bilər. Əsasən, iki mövqe fərqlənir: bayramın qeyd olunmasını dəstəkləyənlər və neytral yanaşanlar. Əslində, Hellouini qeyd edənlər çox deyil. Lakin gənclər və yeni nəsil bu məsələdə bir qədər fəaldırlar. Çünki bayram dünyada da geniş yayılıb və inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Xüsusilə Qərb ölkələrində müxtəlif bayramlara xüsusi önəm verilir. Düşünürəm ki, Hellouinin Azərbaycanda geniş yayılması təhlükəsi yoxdur. Bayramı müəyyən mənada qeyd etmək olar, amma bununla bağlı həddindən artıq narahat olmağa ehtiyac yoxdur. İnsanların bayramlara maraq göstərməsi cəmiyyətin mənəvi ruhunun göstəricisidir. Cəmiyyətdəki belə meyilləri düzgün istiqamətləndirmək və qoruyub saxlamaq lazımdır. Adət-ənənələrlə bağlı müəyyən ziddiyyətlər və uyğunsuzluqlar yarana bilər. Məsələn, Braziliya karnavalları tamamilə fərqli formada keçirilir və karnavallarda Azərbaycan cəmiyyəti üçün arzuolunmaz hesab edilə biləcək bəzi mənfi xüsusiyyətlər var. Geyim tərzi ilə bağlı da fərqli yanaşmalar mövcuddur. Bu, müəyyən mənada Braziliyanın subtropik iqlimi ilə əlaqədardır. Azərbaycanda isə iqlim şəraiti fərqlidir. İqlim xüsusiyyətləri geyim tərzinə təsir göstərən amillərdəndir".
Sosioloq əlavə edib ki, başqa ölkələrdəki geyim tərzini olduğu kimi təkrarlamamaq, müəyyən xüsusiyyətləri milli mentalitetə uyğunlaşdırmaq çox önəmlidir:
"Dünyəvilikdən danışırıqsa, bütün məsələlərə hüquq və qanun müstəvisində, demokratik prizmadan yanaşmalıyıq. Bu baxımdan, kənar təsirlərin geyim tərzində də özünü göstərməsi Qərb ənənələrinin müəyyən əlamətlərindən biri kimi qiymətləndirilə bilər. Digər tərəfdən, belə bayramların yayılması təbii və qaçılmazdır. Gənclərin dünyaya çıxış imkanlarının artması, qlobal inteqrasiya, milli-mənəvi dəyərlər arasındakı sərhədlərin tədricən aradan qalxması, qarşılıqlı nüfuzetmə və müxtəlif xalqların davranış nümunələri prosesə təsir göstərir.
Hesab edirəm ki, bayramı qeyd etmək pis deyil. Lakin bayramı müəyyən seçiciliklə, milli-mənəvi dəyərlər süzgəcindən keçirərək qeyd etmək vacibdir. İnsanların Hellouinə hansısa təbliğatın təsiri ilə deyil, şəxsi istək və maraqları əsasında yanaşması da əhəmiyyətli amillərdəndir. Bayramların qeyd olunmasının müəyyən faydası ola bilər. Bununla yanaşı, bayramın milli mentalitetə nə dərəcədə uyğun olduğunu və Azərbaycan cəmiyyəti üçün nə qədər xarakterik olduğunu nəzərə almaq lazımdır. Cəmiyyət belə bayramların qeyd olunmasından yalnız fayda götürməlidir. Düşünürəm ki, Hellouini qeyd etmək olar, amma milli-mənəvi dəyərləri qoruyub saxlamaq və inkişaf etdirmək də vacibdir".


