Naxçıvan duzu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər narahatlıq yaradıb. Paylaşımlarda duzun suya əlavə edildikdə palçığabənzər hala düşdüyü iddia olunur. Bu görüntülər məhsulun tərkibi və təhlükəsizliyi ilə bağlı geniş müzakirələrə səbəb olub.
Demokrat.az "Bakupost"a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Naxçıvanda duz ehtiyatlarının tükəndiyini iddia edib. Onun sözlərinə görə, hazırda qayalar üyüdülərək duz adı altında satışa çıxarılır.
Eyyub Hüseynov bildirib:
"Duz təmiz, ağ kristal şəklində olmalıdır. Naxçıvan duzunun hətta tender yolu ilə bəzi yerlərə külli miqdarda satılması barədə 12 il əvvəl açıqlama vermişəm. Həmin vaxt Naxçıvanın keçmiş iqtisadiyyat naziri mənə zəng edərək hədə-qorxu gəlmişdi.
Hazırkı vəziyyətdə təqdim olunan məhsul, əslində, duz deyil. Onun istifadəsinə yol verilməməlidir. Azad İstehlakçılar Birliyi bu cür məhsulların bazara çıxarılmasının əleyhinədir. Mənim məlumatıma görə, ümumiyyətlə, Naxçıvanda duz tükənib".
Birlik sədri duz bazarında qiymətlər arasında ciddi fərqin olduğunu da vurğulayıb. O bildirib ki, bazarda bir kiloqramı 20 manata satılan duzla yanaşı, 40 qəpiyə təklif olunan duz da var.
Naxçıvan duzu ilə bağlı şok iddia: Qayaları üyüdüb satırlar - Foto/Video
"Əhali məndən soruşur ki, duz natrium xloriddirsə, onun tərkibində başqa nə var? Duz bazarı həddindən artıq çirklənib və burada çox qəribə vəziyyət yaranıb", - deyə o qeyd edib.
E.Hüseynov Azərbaycanda yodsuz duzun satışına da diqqət çəkib. Onun sözlərinə görə, 2001-ci ildə qəbul edilmiş "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" Qanunun 8.3-cü maddəsi ilə yodsuz duzun Azərbaycana idxalı və istehsalı, hətta heyvanlara yem məqsədilə verilməsi qadağan olunduğu halda, ölkənin əmtəə bazarında xaricdən gətirilən yodsuz duz satılır.
"Bu, qanunun pozuntusudur və əhali yodsuz duz almaqdan imtina etməlidir. Çünki ölkədə yod çatışmazlığı xəstəlikləri ilə bağlı böyük problem yaşanır", - deyə birlik sədri bildirib.
Eyyub Hüseynov bəzi satıcıların İran duzunu Ukrayna duzu adı altında təqdim etdiyini də iddia edib.
"Qərb zonasından mənə məlumatlar gəlir ki, bir nəfər saxta Ukrayna duzu satır. Ukraynadan Azərbaycana duz gəlmir, həmin mədənlər dağılıb. Lakin bəzi satıcılar İran duzunu Ukrayna duzu adı altında satırlar. Çünki əhali sovet dövründən Ukrayna duzuna üstünlük verir və onu keyfiyyətli məhsul hesab edir. Bu işlə məşğul olan insanlara çağırış edirəm ki, saxta fəaliyyətlərindən əl çəksinlər. Qida Təhlükəsizliyi Agentliyinə müraciət edirəm ki, bu vəziyyətin qarşısı alınsın", - deyə o əlavə edib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlanıb.


