Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü münasibətilə Bakı teatrlarının səhnələrində görkəmli dramaturqun əsərləri əsasında hazırlanan tamaşalar nümayiş olunur.
Belə ki, oktyabrın 22-də Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrı tərəfindən "Şuşada ürəyim qaldı" tamaşası təqdim olunub.
Demokrat.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.
İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi və Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanmış "Şuşada ürəyim qaldı" tamaşasına Xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən quruluş verilmişdir.
Tamaşada Azərbaycanın xanlıqlara parçalandığı tarixi dövr əks olunur, milli birliyin qorunmasının və vahid dövlətçilik ideyası ətrafında birləşməyin əhəmiyyəti ön plana çəkilir. Hadisələr Vətən naminə məhəbbətindən ayrı düşən Qarabağ xanı İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, doğma Qarabağını unutmaması fonunda baş verir.
Tədbiri giriş sözləri ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist Azad Şükürov İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında göstərdiyi xidmətləri vurğulayaraq, bildirib: "İlyas Əfəndiyevin əsərləri böyük bir nəslin formalaşmasında önəmli rol oynayıb. Azərbaycan xalqı onu böyük hörmətlə daima yad edir və xatirəsini əziz tutur".
Rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin yaradıcılığından, onun pyesləri əsasında hazırladığı tamaşalardan söz açıb. O təqdim olunan tamaşanın mövzusundan bəhs edərək bildirib ki , Azərbaycan tarix boyu üzləşdiyi çətin sınaqlara baxmayaraq, milli birliyini və dövlətçilik ənənələrini qoruyub yaşadıb.
Qeyd edilməlidir ki, İlyas Əfəndiyev, Amaliya Pənahova, Mərahim Fərzəlibəyovun birgə yaradıcı fəaliyyəti XX əsrin ikinci yarısını əhatə edən bütöv bir teatral dövrün aparıcı xəttinə çevrilmişdir. Onların birlikdə hazırladığı tamaşaların uğurları bu gün də xatırlanır, nümunə göstərilir.
"Şuşada ürəyim qaldı" tamaşası geniş auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşada İsmayıl Atakişiyev (general Pavel Sisianov), Rəşad Kəsəmənli (Hüseynqulu xan), Tural Baxış (İbrahim xan), Əməkdar artist Hüsniyyə Mürvətova (Tubu xanım), Zülfiyyə Qurbanova (Ağabəyim ağa), Asif Rəhimov (Fətəli xan), Əfqan Soltanov (Molla Müzəffər ağa), Elməddin Zakirli (Saday bəy), Tural Əhməd (Mahmud bəy), Mehman Abdullayev (Şəfi bəy), Toğrul Rza (Dmitri Lisaneviç), Elçin Muradov (kölgə), Rəşid Soltanov (1-ci kölgə), Namiq Cavadov (2-ci kölgə), Nigar Babayeva (1-ci rəqqasə), Günel Həmidova (2-ci rəqqasə), Əzizə Həşimova (3-cü rəqqasə) iştirak edib.
Səhnə əsərinin yaradıcı heyətində bəstəkar Eldar Mansurov, quruluşçu rəssam İlham Əsgərov, işıq rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn üzrə tərtibatçı Elnur Ehtiramoğlu yer alır.
Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində çoxsaylı səhnə əsərləri ilə teatr mədəniyyətimizi ölkəmizdə, eləcə də beynəlxalq miqyasda təbliğ edən teatrın repertuarında Azərbaycanın, Türk xalqlarının və dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.


