Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, daha sonra Qərbi Azərbaycanın tarixi həqiqətlərini və bölgədə dağıdılmış tarixi-mədəni irs abidələrini əks etdirən sərgi ilə tanış olublar.
YAP Səbail rayon təşkilatının inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Qərbi Azərbaycan Televiziyasının hazırladığı, bölgənin tarixi və mədəni irsindən bəhs edən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Qərbi Azərbaycan mövzusunun milli yaddaşın qorunması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində əldə olunan nailiyyətlərə toxunaraq, Qərbi Azərbaycana qayıdış məqsədinə çatmaq üçün milli həmrəyliyin, vətənpərvərliyin və ictimai fəallığın vacibliyini qeyd edib. Həmçinin Qərbi Azərbaycan İcmasının tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və milli-mədəni irsin təbliği sahəsində fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın əsas vəzifələrindən birinin soydaşlarımızı tarixi torpaqlarına qayıdış ideyası ətrafında birləşdirmək, Qərbi Azərbaycanın tarixi, coğrafiyası və mədəni irsi ilə bağlı həqiqətləri araşdırmaq, sənədləşdirmək və dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirib. Onun sözlərinə görə, İcmanın fəaliyyəti nəticəsində qayıdış məsələsi ümummilli ideya səviyyəsinə yüksəlib.
Ə.Ələkbərli təşkilatın rayon və kənd icmalarının fəaliyyətindən, elmi-tədqiqat işlərindən, beynəlxalq əməkdaşlıqdan və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatların sənədlərində əks olunması istiqamətində görülən işlərdən bəhs edib. O, ali təhsil müəssisələrində yaradılan Qərbi Azərbaycan araşdırma mərkəzlərinin gənc nəslin tarixi biliklərinin artırılması və qayıdış ideyasının gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb.
İcma sədri Qərbi Azərbaycana qayıdış məsələsinin yalnız deportasiya edilmiş soydaşlarımızın deyil, bütövlükdə Azərbaycan xalqının milli maraqları ilə bağlı olduğunu qeyd edib. O, bu məqsədə nail olmaq üçün ictimai həmrəyliyin gücləndirilməsinin və tarixi həqiqətlərin ardıcıl təbliğinin vacibliyini diqqətə çatdırıb.
Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı çıxışında Qərbi Azərbaycana qayıdış məsələsinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən diqqət mərkəzində saxlanıldığını bildirib. O, Ümummilli Liderin Qərbi Azərbaycandan olan soydaşlarımıza göstərdiyi diqqət və qayğını xatırladaraq, bunun milli yaddaşın qorunması və tarixi bağlılığın yaşadılması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Qərbi Azərbaycan folklorunun toplanılması, qorunması və elmi tədqiqi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, deportasiya edilmiş soydaşlarımızın yaddaşında qorunan xatirələr, şifahi xalq ədəbiyyatı nümunələri, adət-ənənələr və ailə tarixçələri milli irsin mühüm tərkib hissəsidir.
Alim yaşlı nəslin nümayəndələrinin xatirələrinin qeydə alınmasının və folklor nümunələrinin toplanmasının vacibliyini vurğulayıb. O, Qərbi Azərbaycan folklorunun sistemli şəkildə araşdırıldığını, bu sahədə elmi nəşrlərin hazırlandığını, respublika və beynəlxalq konfransların keçirildiyini bildirib. Ə. Vəliyev, həmçinin tarixi-mədəni irsin qorunması və elmi tədqiqatların nəticələrinin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində iştirakçılar Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəliyi üçün ayrılmış yeni ofislə də tanış olublar.


