"Qalatasaray"ın UEFA Çempionlar Liqasının üçüncü turunda səfərdə "Lill"i 4:2 hesabı ilə məğlub etməsindən sonra Türkiyənin sabiq futbolçusu və şərhçi Nihat Kahveçi komandanın çıxışını dəyərləndirib. O, xüsusilə hücumçu Viktor Osimhenin meydandakı davranışlarına diqqət çəkərək futbolçuya maraqlı məsləhət verib.
Demokrat.az xəbər verir ki, Kahveçi bu barədə "Kontraspor"un "YouTube" kanalında danışıb.
Şərhçi "Qalatasaray"ın erkən qol vurmasına baxmayaraq, müdafiədə ardıcıl səhvlərə yol verməsini tənqid edib. Bununla belə, komandanın çətin səfər oyununda geri dönüş etməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu qələbə İstanbul təmsilçisinə əlavə inam qazandıracaq və qarşıdakı oyunlar üçün nikbinliyə əsas verir.
Kahveçi komandanın hücum xəttində çıxış edən Aleksey Batrakovun oyununu da bəyənib. O, futbolçunun topu ötürdükdən sonra hərəkətsiz qalmamasını və hücumların tempini artırmasını xüsusi vurğulayıb.
Ən maraqlı açıqlamasını isə Osimhen haqqında verib. Kahveçi bildirib ki, nigeriyalı hücumçu bəzi epizodlarda komanda yoldaşlarına qarşı həddindən artıq emosional davranır və onlardan əsassız şəkildə narazılıq edir.
"Qalatasaray"ın məşqçilər korpusuna səslənən şərhçi Osimhenin oyunöncəsi sakitləşməsi üçün ona çobanyastığı çayı içməyi tövsiyə edib. Kahveçi hücumçunun "Lill"lə matçda bir neçə əlverişli vəziyyətdə topu itirdikdən sonra komanda yoldaşlarına irad bildirməsini düzgün hesab etməyib.
O, Osimhenin yüksək emosiyalarla oynadığını və qol vurmaqla yaşadığını başa düşdüyünü desə də, futbolçunun komanda yoldaşlarından daha səbirli olmasını gözlədiyini bildirib.
Jalə


