Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb.
Demokrat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə dünyanın 191 ölkəsindən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib.
Gələnlərin 27,1 faizi Rusiya, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,7 faizi İsrail, 3,5 faizi Pakistan, 3,1 faizi Özbəkistan, 2,8 faizi Çin, 2,6 faizi Hindistan, 2,4 faizi isə Səudiyyə Ərəbistanının payına düşüb. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər olub.
Azərbaycana gələn əcnəbilərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Eyni zamanda, bu ilin ilk doqquz ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər təşkil edib.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 44 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5,1 faizi İrana, 23,3 faizi isə digər ölkələrə səfər edib. Türkiyəyə gedənlərin sayı 2,3 faiz, Gürcüstana gedənlərin sayı 17,6 faiz artıb. Rusiyaya səfər edənlərin sayı 2 faiz, İrana gedənlərin sayı isə 44,5 faiz azalıb.
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.


