Özəl Kriminal

Bakıda qadın "Azpulmat"a görə döyüldü

Bakıda qadın Azpulmata görə döyüldü

Bakının Suraxanı rayonunda ər arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Mahir birgə yaşadıqları evdə onlayn qaydada 100 manat kredit götürmək istəyi ilə bağlı "Azpulmat"a arvadı Süsənin (adlar şərtidir – red.) istifadə etdiyi mobil telefon vasitəsilə göndərilən müraciətin təsdiq kodunun onun xəbəri olmadan telefondan silindiyini öyrənib. O, arvadının mesajı qəsdən sildiyini iddia edərək onu nalayiq sözlərlə təhqir edib. Aralarında yaranmış mübahisə zamanı yumruqla arvadının baş və kürək nahiyələrindən vuraraq ona xəsarətlər yetirib.

Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Süsənlə 2015-ci ildə rəsmi qaydada ailə həyatı qurub və indiyədək ər-arvad kimi birgə yaşayıblar:

"Bizim aramızda əvvəllər heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibət olmayıb. Əksinə, evlilik müddətində ər-arvad kimi ailədə normal yola getmişik. Bir sözlə, münasibətlərimiz normal olub. Birgə nikahımızdan beş azyaşlı övladımız var. Onlardan üçü qız, ikisi isə oğlandır".

Mahir qeyd edib ki, "Azpulmat"dan onlayn qaydada 100 manat kredit götürmək istəyib:

"Buna görə də məlum hadisə günü, gecə saat 00:00 radələrində birgə yaşadığımız evin qonaq otağında kredit götürmək üçün arvadımın istifadə etdiyi mobil telefon vasitəsilə "Azpulmat"a müraciət etdim və kodun gəlməsini gözlədim. Bir qədər sonra arvadımın istifadəsində olan mobil telefona gələn bildiriş mesajını sildiyini öyrəndim. Arvadımdan mesajı niyə sildiyini soruşdum və ona iradımı bildirdim. Arvadım cavabında yaxşı etdiyini dedi və vəfat edən qardaşımın ünvanına nalayiq sözlər işlədərək məni təhqir etdi. Bundan sonra aramızda mübahisə yarandı".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra əsəbiləşərək arvadı Süsəni itələyib: "Ola bilsin ki, arvadım divara dəyməsi nəticəsində xəsarət alıb. Aramızda söz-söhbət yaşadığımız evin qonaq otağında yarandı və bu zaman arvadımı əlimlə itələdim. Həmin vaxt bizdən başqa evdə kənar şəxslər olmayıb, arvadımı itələməyimi də heç kim görməyib. Həmin vaxt gecə saatları olduğundan övladlarım öz otaqlarına keçərək artıq yatmışdılar. Aramızda baş verənlər səs-küyə, kənar şəxslərin yaxınlaşmasına və hadisəyə müdaxilə etməsinə səbəb olmayıb. Mübahisəmiz hazırda yaşadığımız evin qonaq otağında başlayıb və elə həmin otaqda 4-5 dəqiqə davam etdikdən sonra bitib".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxsi vurmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, uzun müddətdir əri ilə aralarında ailə münasibətləri zəminində tez-tez mübahisələr yaranır: "Məlum hadisə günü ərim Mahir birgə yaşadığımız evə gələrək mənə "Azpulmat"dan onlayn qaydada pul götürmək istədiyini bildirdi və istifadə etdiyim mobil telefon vasitəsilə müraciət etdi. Həmin vaxt telefonuma bildiriş mesajı gəldi. Mən isə həmin mesajı bilmədən sildim. Buna görə də ərim məni nalayiq sözlərlə təhqir etdi və mesajı qəsdən sildiyimi iddia edərək aramızda mübahisə yaratdı. Mübahisə zamanı ərim üzərimə gələrək bir neçə yumruq zərbəsi ilə baş və bel nahiyələrimdən vurdu. Nəticədə bədənimin müxtəlif nahiyələrindən xəsarətlər aldım".

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mahir 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Bakı şəhərinin ərazisini tərk etməmək vəzifələri qoyulub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri həvalə edilib.

Fariz Məlikli

Editor
Redaktor