Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar avtomobil benzini və dizel yanacağına 3 058,2 milyon manat xərcləyiblər. Məlumata görə, hesabat dövründə qeydə alınan göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur.
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, bu artım bir neçə amillə bağlı ola bilər:

"Lakin göstəricini birbaşa insanların yanacağa tələbatının yüksəlməsi kimi qiymətləndirmək düzgün deyil. Əsas məsələ xərclərin hansı səbəbdən artmasıdır: yanacağın qiymətinin yüksəlməsi, yoxsa istehlak həcminin çoxalması hesabına? Avtomobillərin sayının artması, fərdi nəqliyyatdan asılılığın güclənməsi, şəhərlərdə tıxacların geniş yayılması və ictimai nəqliyyatın bütün istiqamətlər üzrə əlverişli alternativə çevrilməməsi bu prosesdə rol oynaya bilər. Avtomobillərin sayı çoxaldıqca insanlar gündəlik hərəkət üçün daha çox yanacaq sərf edir, tıxaclarda isə əlavə yanacaq istehlak olunur. Yükdaşımaların və avtomobil nəqliyyatı ilə göstərilən xidmətlərin genişlənməsi də ümumi istehlaka təsir göstərə bilər. Burada diqqət yetirilməli əsas məqam yanacağa çəkilən xərclərin artmasının əhalinin rifahının yüksəlməsi demək olmamasıdır. İnsanlar eyni miqdarda yanacaq almaq üçün daha çox pul ödəyə bilərlər. Belə olduqda statistik dövriyyə artır, lakin real istehlak həcmi dəyişməyə bilər. Əgər artım qiymətlərin yüksəlməsi ilə əlaqədardırsa, bu, ailələrin gündəlik xərclərinin çoxalması və digər ehtiyaclara ayıra biləcəkləri vəsaitin azalması deməkdir".
İqtisadçının fikrincə, sözügedən göstəriciyə yalnız ticarət dövriyyəsinin artımı kimi yanaşmaq kifayət deyil:
"Yanacağa çəkilən xərclərin yüksəlməsinin səbəbləri araşdırılmalı, qiymət dəyişiklikləri ilə real istehlak həcmi ayrı-ayrılıqda qiymətləndirilməlidir. Bunun üçün satılan benzinin və dizelin fiziki həcmi, qiymət dinamikası, avtomobillərin sayı və nəqliyyat sektorunun fəaliyyəti müqayisə olunmalıdır. Uzunmüddətli perspektivdə fərdi avtomobillərdən asılılığın azaldılması, ictimai nəqliyyatın keyfiyyətinin və əlçatanlığının artırılması, tıxacların aradan qaldırılması, eləcə də nəqliyyat sisteminin səmərəliliyinin yüksəldilməsi vacibdir. Çünki insanların hərəkət etmək üçün daha çox yanacaq almağa məcbur qalması iqtisadi uğur göstəricisi deyil. Əsas nəticə insanların daha az vaxt və vəsait sərf etməklə gündəlik ehtiyaclarını ödəyə bilməsi, nəqliyyat xərclərinin ailə büdcəsinə təsirinin azalmasıdır.


