Bakının Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 7-də saat 17:10-da 1959-cu il təvəllüdlü (qadın) və 2022-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
"Onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.
Hər iki şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan şəxslərin nənə və nəvə olduğu müəyyən edilib.(oxu.az)


