Özəl

5 il sonra Azərbaycanda hansı maşınlar sürüləcək? — Açıqlama

5 il sonra Azərbaycanda hansı maşınlar sürüləcək? — Açıqlama

Azərbaycanda avtomobil bazarında sürücülərin seçimləri tədricən dəyişir. Xüsusilə hibrid modellərə marağın artması bu dəyişimin əsas göstəricilərindən biridir.

Bəs 5 ildən sonra Azərbaycan yollarında daha çox hansı avtomobilləri görəcəyik?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, Almaniyada Volkswagen şirkətinin konkret nəticəsi belə oldu ki, ilk dəfə şirkətin tarixində elektromobil istehsalı daxiliyanma mühərrikli avtomobillərin istehsalını keçdi.

5 il sonra Azərbaycanda hansı maşınlar sürüləcək? — Açıqlama

Onun sözlərinə görə, yəni bu, artıq bir neçə müddətdir başlayan tendensiyanın davamıdır:

"Amma biz bəzən görürük ki, əksinə, elektromobillərə olan maraq dayanır və insanlar yenidən, məsələn, benzin mühərrikli avtomobillərə keçirlər. Hətta şirkətlər belə bəzi platformaları bağlamışdılar. Bir çox alman şirkətlərinin 2030-cu il hədəfləri var idi ki, artıq daxiliyanma mühərrikli avtomobillər istehsal olunmayacaq. Amma indi onların bəziləri geri qayıtdılar və deyirlər ki, biz görürük ki, bazarda vəziyyət fərqlidir.

Yəni burada əsas məsələ tələb-təklif məsələsidir. Şirkətlər elektromobillərin istehsalını artırmağa çalışırlar, amma görürlər ki, insanlar həmin avtomobilləri gözlənilən səviyyədə almırlar. Bu halda da məcbur olurlar yenidən digər istiqamətə qayıtsınlar.

5 il sonra avtomobil bazarında vəziyyətin necə olacağını dəqiq demək çətindir, çünki burada hökumətlərin atacağı addımlar da mühüm rol oynayacaq.

Məsələn, indi Çində subsidiyaların dəyişdirilməsi, yığışdırılması və bizdə də güzəştlərin aradan qaldırılması təkcə son 5-6 ay ərzində bu tendensiyanı dəyişdi. İnsanlar yenidən benzin mühərrikli avtomobillərə qayıtdılar. İndi yeni satılan avtomobillərə baxanda görürük ki, benzin mühərrikli avtomobillər bu dəqiqə hibridlərdən daha ucuzdur. İnsan da baxır ki, arada 8 min manat fərq var və gedib benzinlə işləyən avtomobili alır. Ona görə də bunu indidən dəqiq bilmək mümkün deyil. Bəlkə subsidiyalar yığışdırıldığına görə başqa ölkələrdə də insanlar yenidən benzin mühərrikli avtomobillərə qayıdacaqlar. İnsanlar burada, təbii ki, məsələyə həm də iqtisadi tərəfdən yanaşırlar.

Elə ölkələr var ki, onlar üçün elektromobilə keçid baha başa gəlsə də, bu, dövlət səviyyəsində müəyyən edilmiş hədəfdir. Məsələn, Norveçdə bu, əsas hədəflərdən biridir. Norveç 100 faiz elektromobilə keçmək istəyir. Hər nə qədər çətin görünsə də, artıq bazarın 60 faizindən çoxu Norveçdə elektromobillərdən ibarətdir.

Ona görə belə ölkələr bu keçidi daha rahat həyata keçirə bilərlər. Çünki konkret hökumət hədəfləri var. Amma bizim kimi ölkələrdə və Avropanın digər ölkələrində bu proses daha çox izlənilir. Şirkətlər də gözləyirlər, görək nə olacaq, alıcılar da bazardakı vəziyyətə baxırlar.

Yəni nəticə etibarilə 5 il sonra hansı avtomobillərin üstünlük təşkil edəcəyini indidən dəqiq demək çətindir. Burada avtomobillərin qiyməti, dövlət tərəfindən verilən güzəştlər və subsidiyalar, yanacağın qiyməti, infrastrukturun inkişafı və ən əsası insanların tələbi mühüm rol oynayacaq".