Mingəçevir şəhərində 40 yaşlı kişi həyat yoldaşına şiddət göstərməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhəri, Günəşli bağ massivində baş verib. 1986-cı il təvəllüdlü Xəyal həmin ərazidə yerləşən fərdi həyət evinin qonaq otağında arvadı Aysel (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında ailə münaqişəsi Ayselin ölmüş atasının Yevlax rayonunun qəsəbəsində keçiriləcək yas mərasiminə gedəcəyini israrla bildirməsi, Xəyalın isə buna narazılıq etməsi ilə bağlı yaranıb. Qısa müddət davam edən mübahisə zamanı o, ayağı ilə arvadının sol gözünün alt qapağına, əli ilə isə sağ qulaq seyvanına vuraraq ona xəsarətlər yetirib.
Xəyalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aysel ilə 2007-ci ildə rəsmi nikaha daxil olub, birgə nikahdan 3 qız, 1 oğlan olmaqla 4 övladları dünyaya gəlib:
"Məlum hadisə günü, gecə saat 02:00 radələrində yaşadığım ünvana gəldim. Qonaq otağına keçdim və arvadım Ayseli yanıma çağırdım. Aramızda söhbət zamanı arvadım mənə atasının vəfat etməsi ilə bağlı səhər saatlarında Yevlax rayonunda təşkil edilmiş 40 mərasiminə Bakı şəhərindən gələn əmisi oğlu ilə gedəcəyini bildirdi. Mən isə Kəlbəcər rayonuna işləməyə gedəcəyimi, bu səbəbdən də məni çağırmaları barədə xəbər gözlədiyimi qeyd etdim və arvadımın yas mərasiminə getməyinə narazılıq etdim".
Təqsirləndirilən şəxs deyib ki, həmçinin arvadına atasının yas mərasiminə özünün Qarabağdan qayıtdıqdan sonra getməsini xahiş edib:
"Lakin arvadım bu fikrimə qarşı çıxaraq, atasının yas mərasiminə vaxtında, yəni həmin gün gedəcəyini bildirdi. Ayselin bu səpkidə olan cavabına əsəbləşərək, gecə təxminən saat 03:30 radələrində yaşadığımız evin qonaq otağında onun qol nahiyəsinə, sol əlinin bilək və barmaq nahiyələrinə, sol göz və sağ qulaq nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona xəsarətlər yetirdim. Bizim səs-küyümüzə qızım da gəldi. Lakin həmin vaxt biz artıq bir-birimizdən aralandıq. Qızım gəldikdən sonra otağı tərk edərək getdim. Hadisədən sonra arvadımla barışmışam, hazırda əməlimdən peşmanam".
İş üzrə izahat verən zərərçəkmiş Aysel ifadəsində deyib ki, əri Xəyal sərxoş vəziyyətdə evə gələrək qonaq otağına keçib və onu yanına çağırıb:
"İkimiz arasında söhbət zamanı ərimə səhər atamın yasının 40 mərasimi ilə bağlı əmim oğlunun Bakı şəhərindən gələcəyini və Yevlax rayonunda keçiriləcək yas mərasiminə əmim oğlum ilə birlikdə gedəcəyimi dedim. Ərim isə Qarabağa işləməyə gedəcəyini, onu yola saldıqdan sonra atamın yasına gedə biləcəyimi dedi. Ona atamın 40 mərasiminə səhər gedəcəyimi dedikdən sonra aramızda mübahisə başladı. Ərim oturduğu yerdən ayağa qalxaraq üzərimə gəldi, sol gözümə, sol biləyimə, sol əlimə təpiklə, sağ qulağıma isə yumruqla zərbələr endirdi. Daha sonra qonaq otağından çıxaraq yataq otağına keçdim. Ərim məni döydüyü üçün səhər saatlarında avtobusla Yevlaxda yaşayan əmimin evinə getdim və daha sonra Mingəçevir Şəhər Polis Şöbəsinə gedərək şikayət etdim".
Zərərçəkmiş ifadəsinin sonunda əri Xəyal ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını deyib.
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Xəyalın həyat yoldaşı ilə barışması nəzərə alınıb, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


