Cəmiyyət

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

Diplom alım, ömür boyu işləyim dövrü bitdi

Əmək bazarında iş tapmaqla bağlı çətinliklər, qeyri-sabit gəlirlər və gələcəkdə hansı peşələrə tələbatın olacağının qeyri-müəyyənliyi gənclərin karyera və şəxsi həyatla bağlı planlarına təsir göstərir.

Bəs əmək bazarındakı bu qeyri-müəyyənlik gənclərin gələcəklə bağlı qərarlarına, peşə seçimlərinə və ölkədə qalmaq istəyinə nə dərəcədə təsir edir?

Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a mövzu ilə bağlı danışıb.

Onun fikirlərinə görə, əmək bazarında mövcud qeyri-müəyyənlik, sürətli texnoloji dəyişikliklər və gəlirlərin qeyri-sabitliyi bu gün gənclərin təkcə peşə seçiminə deyil, birbaşa həyat strategiyalarına və gələcəklə bağlı gözləntilərinə də köklü şəkildə təsir göstərir:

"Bu təsir, özünü bir neçə istiqamətdə büruzə verir. Birincisi, gənclər artıq 10-15 illik uzunmüddətli karyera və həyat planları qura bilmirlər. Əmək bazarındakı dəyişkənlik onları daha çox operativ və qısamüddətli qərarlar qəbul etməyə məcbur edir. Ailə qurmaq, mənzil almaq və ya böyük maliyyə öhdəlikləri götürmək kimi addımlar daha sonrakı yaşlara saxlanılır. Çünki sabaha olan inamın və sabit gəlir zəmanətinin olmaması gənclərdə psixoloji risk götürmək qabiliyyətini aşağı salır.

İkinci məsələ budur ki, ənənəvi "bir diplom alım, ömür boyu bu sahədə işləyim" modeli artıq öz əhəmiyyətini itirib. Gənclər görürlər ki, universitetdə dörd il oxuduqları ixtisas məzun olana qədər öz aktuallığını itirə və ya tamamilə dəyişə bilər. Bu səbəbdən bugünkü gənclər daha praktik, tez gəlir gətirən və qlobal bazarda keçərli olan sahələrə məsələn, İT-yə, rəqəmsal marketinqə, data analitikasına və süni intellekt alətləri ilə işləməyə daha çox yönəlirlər. Onlar tək bir peşəyə deyil, sürətlə yeni bacarıqlar mənimsəməyə üstünlük verirlər.

Əmək bazarındakı qeyri-müəyyənlik gənclərdə yerli əmək bazarında ilişib qalmaq qorxusu da yaradır. Yüksək potensiala malik, savadlı və təhsilli gənclər öz gələcəklərini daha sabit, hüquqi və maliyyə baxımından proqnozlaşdırıla bilən xarici əmək bazarlarında axtarırlar. Şəxsi inkişaf imkanlarının məhdudluğu və ya layiq olduqları dəyəri ala bilməmək hissi də gənclərin ölkədən getmək meylini artırır. Bu da ölkə daxilində insan kapitalının axınını daha da sürətləndirir və böyük risk yaradır.

Düşünürəm ki, bu gün gənclərə göstərilməli olan ən böyük dəstək onlara sadəcə ixtisas öyrətmək deyil, həm də dəyişən əmək bazarına uyğunlaşmaq qabiliyyəti və tənqidi təfəkkür qazandırmaqdır. Əmək bazarındakı qeyri-müəyyənliyi azaltmağın yolu isə təhsil sistemini rəqəmsal dövrün tələblərinə uyğunlaşdırmaq və gənclər üçün daha şəffaf, bacarıqlara əsaslanan imkanlar mühiti yaratmaqdan keçir".

B
Qeyd edilməyib