Özəl

Zəlimxan Məmmədli: Bu gün İran həmin boşluqdan istifadə edir

Zəlimxan Məmmədli: Bu gün İran həmin boşluqdan istifadə edir

"Azərbaycanın milli dövlət kimi inkişafı üçün milli idealların və dəyərlərin müasir və elmi yanaşmalarla cəmiyyətə aşılanması vacibdir. Bu baxımdan təhsil, səhiyyə, informasiya və dini siyasətin əsasları aydın şəkildə müəyyənləşdirilməli, cəmiyyətdə milli ideallara və milli ideologiyaya yanaşmada mövcud olan ikili standart aradan qaldırılmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Böyük İdeallar Araşdırma Mərkəzinin sədri, politoloq, həkim Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, daha çox kimlərinsə maraqlarına hesablanmış ideologiyalar icad olunur və yanlışlıqlara yol verilir:

"Və bizdə Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Gökalp kimi dahilərin qoyduğu ideoloji təməl var. Bu təməl müasir yazıçılar, siyasətçilər və araşdırmaçılar tərəfindən doğru şəkildə cilalanıb. Və o, bayrağımızda da ehtiva olunub. Və ilk olaraq, əgər türklük bir ideoloji hədəfin təməli olaraq öndədirsə, onun fəlsəfəsi açılmalıdır. Türklük anlayışı nədir? Qırmızı rəngin bayrağımızda ehtiva etdiyi müasirlik, demokratiya, çağdaşlıq, dünyəvi dövlətçilik. Buna aid olan məsələlərdir, bunun komponentləridir. Azərbaycanda bunlar yerinə yetirilirmi? Və o cümlədən İslam təməlləri. Biz məzhəbçi deyilik. Azərbaycan insanı təməldən məzhəbçi olmur. "Azərbaycan insanı üçün İslam varsa, İslam var. Həzrət Hüseyn də, Həzrət Əli də, Həzrət Ömər də bizimkidir. Onlar İslam yolunda mübarizə aparıblar və onları qarşı-qarşıya qoymaq düşüncəsi yoxdur. Dini siyasətimizin prioritetləri bəlli olmalı və insanlarımız dini baxımdan maarifləndirilməlidir. Məzhəblərüstü düşüncə kifayət qədər cazibəli və rahatdır, insanlarımızın rifahına və əməllərinə müsbət təsir göstərə bilər. Amma bunlar olmadıqda meydana yad düşüncə və yad ideologiya daxil olur. İnsanları mücərrəd bir Mehdini gözləməyə, bu dünyanı cəhənnəm kimi qəbul edib o dünyaya hazırlaşmağa yönəldirlər. Bu isə insanları idraka, biliyə, zehni itiliyə və müasir dünyanın qaydalarına uyğun yetişdirməyə mane olur. Təəssüflər olsun ki, bəzi hallarda insanlar radikal dini cərəyanların təsirinə düşüblər. Bu gün İran və Rusiya da həmin boşluqdan istifadə edir. Ona görə də bu boşluqlar doldurulmalıdır".

Politoloq əlavə edib ki, azad və ədalətli cəmiyyət qurmaq üçün islahatlar fundamental əsaslara söykənməli, bu təməllərin öyrənilməsi isə məktəb və universitetlərdə, eləcə də ziyalı, yetkin və milli mübarizədə iştirak etmiş insanların cəmiyyətə daha geniş şəkildə təqdim olunması vasitəsilə təmin edilməlidir:

"Onların zehnindən, beynindən səmərəli istifadə olunmasıdır. Və bunlar olmayacağı təqdirdə, təbii ki, yad ideologiyalar müəyyən cazibə qüvvəsi yaradaraq, müəyyən maddi ehtiyacları ödəyərək və digər vasitələrlə, deməli, insanlarımızı ələ ala və özləri üçün populyar çərçivələr yarada bilərlər. Bu, böyük regionda istər Borçalıda, istər Azərbaycanın özündə, istər Türkiyədə, istərsə də Orta Asiya dövlətlərində şüuraltı türklüyə qarşı yönəlmiş böyük bir sistemin tərkibidir və bizə qarşı istifadə olunur. Amma milli dövlət olaraq insan resursumuz kifayət qədər çoxdur. Güney Azərbaycan, Türkiyə, Borçalı, Gürcüstan ərazisi, eləcə də Rusiyanın Dərbənd və Şimali Qafqaz bölgəsində soydaşlarımız yaşayır. Bu resursdan doğru istifadə olunmalı və düzgün istiqamətləndirilməlidir ki, siyasi məqsəd güdən dini cərəyanlar bölgəyə daxil olaraq insanları nəinki ələ keçirsin, hətta onları bizim əleyhimizə yönəldə bilsin".