Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında "Aqrar sahə haqqında" qanun layihəsi müzakirə olunub. Layihəyə əsasən, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Müəyyən edilmiş çəkiyə çatmamış heyvanların kəsilməsinə yol verilməyəcək. Heyvanların növləri və cinsləri üzrə kəsim üçün yol verilən minimum çəki və yaş hədlərini səlahiyyətli orqan müəyyən edəcək. Heyvandarlıqla, heyvan və heyvan mənşəli məhsulların satışı ilə məşğul olan, həmçinin baytarlıq xidmətləri göstərən fiziki və hüquqi şəxslər də müəyyən ediləcək çəki və yaş hədlərinə riayət etməli olacaqlar.
Yeni qayda heyvan və ət qiymətlərinə təsir göstərə bilərmi?
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, qanun layihəsinin məqsədi ət bolluğu yaratmaqdır:

"Hazırda əsas problemlərdən biri heyvanların, xüsusilə qoyun və quzuların çox aşağı çəkidə kəsilməsidir. Məsələn, quzu 10-12 kiloqram çəkiyə çatmamış kəsilir. Halbuki həmin heyvan 20-25 kiloqrama qədər böyüdülə bilərdi. Bu isə əldə olunan ətin həcminin əhəmiyyətli dərəcədə artmasına imkan verərdi. Heyvanların vaxtından əvvəl kəsilməsi həm bazarda ət təklifinə, həm də ümumilikdə heyvanların sayına təsir göstərir. Bu qanun layihəsi də məhz həmin problemin qarşısının alınmasına yönəlib. Lakin hazırda layihədə konkret olaraq heyvanların hansı yaşda və çəkidə kəsilə biləcəyi göstərilmir. Əsas məsələ də məhz müəyyən ediləcək minimum çəki və yaş hədləridir. Məsələn, 6 kiloqramdan aşağı çəkidə heyvanların kəsilməsinə qadağa qoyulsa, bunun bazara ciddi təsiri olmayacaq. Çünki onsuz da belə çəkidə heyvanların kəsilməsi geniş yayılmış praktika deyil. Lakin 12-13 kiloqramdan və ya 1-2 yaşdan aşağı heyvanların kəsilməsinə məhdudiyyət qoyularsa, bunun bazara təsiri daha ciddi ola bilər".
İqtisadçı qeyd edib ki, belə bir məhdudiyyət qısamüddətli dövrdə bazara çıxarılan ət məhsulunun azalmasına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər:
"Qısamüddətli dövrdə bazara çıxarılan heyvanların sayının azalması bahalaşmaya gətirib çıxara bilər. Lakin uzunmüddətli dövrdə bunun əks təsiri mümkündür. Heyvanların daha uzun müddət saxlanılması və daha yüksək çəkiyə çatdırılması damazlıq və kökəltmə imkanlarını genişləndirə bilər. Heyvan daha uzun müddət saxlanıldıqda və bala verəcək yaşa çatdıqda kəsilmədikdə, onun çoxalması da mümkün olur. Bundan əlavə, bir heyvandan 8-9 kiloqram ət əldə etmək əvəzinə, 20-25 kiloqram ət əldə etmək mümkündür. Bu baxımdan uzunmüddətli perspektivdə heyvandarlığın məhsuldarlığı və səmərəliliyi arta, ət təklifi isə genişlənə bilər.
Ona görə də bu məsələyə birmənalı yanaşmaq mümkün deyil. Qısamüddətli dövrdə məhsul təklifinin azalması bahalaşmaya səbəb ola bilər. Uzunmüddətli dövrdə isə məhsuldarlığın artması, ət təklifinin genişlənməsi və qiymətlərin stabilləşməsi mümkündür. Burada əsas məsələ müəyyən ediləcək minimum çəki və yaş hədlərinin necə olmasıdır. Əgər heyvanı saxlamaq və kökəltmək fermer üçün iqtisadi baxımdan sərfəli olmayacaqsa, fermerin də bu sahədə fəaliyyət göstərməyə marağı azalacaq. İstənilən halda qanun layihəsinin əsas məqsədi heyvanların sayının artırılması, məhsuldarlığın yüksəldilməsi və uzunmüddətli perspektivdə ət təklifinin çoxaldılmasıdır".


