Müntəzəm və zərif qulluq aqressiv pilinqdən daha faydalıdır. Adi qida sodası isə quru ayaqlara qulluq üçün sadə vasitə ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Onet" yazır.
Bütün günü qapalı ayaqqabıda keçirdikdən sonra ayaqlara çox vaxt intensiv sürtmə deyil, dərinin yumşaldılması və nəmləndirilməsi lazımdır. Bahalı prosedurlar əvəzinə ev şəraitində soda ilə ayaq vannasını sınamaq olar.
Soda ilə ayaq vannası necə hazırlanır?
4-5 litr ilıq suya 3 xörək qaşığı soda əlavə edin. Ayaqlarınızı təxminən 10 dəqiqə suyun içində saxlayın. Bu müddət keratinləşmiş dərinin yumşalması üçün kifayətdir.
Su çox isti olmamalıdır. Həmçinin proseduru uzatmaq məsləhət görülmür, çünki bu, dərinin daha da qurumasına səbəb ola bilər.
Vannadan sonra ayaqlarınızı dəsmalla sürtmədən, yüngülcə qurulayın. Yumşalmış nahiyələri pemza daşı və ya pedikür pilkası ilə ehtiyatla təmizləmək olar.
Çox güc tətbiq etmək və dabanları bir dəfəyə tamamilə hamarlaşdırmağa çalışmaq məsləhət görülmür. Həddindən artıq sürtmə dərini zədələyə bilər.
Daha sonra təmiz dabanlara qatı nəmləndirici krem çəkin. Dəri çox qurudursa, tərkibində sidik cövhəri (urea) olan vasitələrdən istifadə etmək olar. Əlavə qoruma üçün kremin üzərinə nazik qat vazelin çəkmək mümkündür.
Gecə pambıq corab geyinmək də qulluq prosedurunun effektivliyini artıra bilər.
Soda ilə ayaq vannasını nə qədər tez-tez etmək olar?
Sodalı ayaq vannasını həftədə 1-2 dəfə etmək kifayətdir. Bununla yanaşı, duşdan sonra hər gün krem çəkmək pemza daşından tez-tez istifadə etməkdən daha effektiv ola bilər.
Jalə


