Özəl

İşəgötürənlər diplomdan çox buna baxır — Açıqlama

İşəgötürənlər diplomdan çox buna baxır — Açıqlama

Ali təhsil diplomunun gənclərin əmək bazarına daxil olması üçün nə dərəcədə kifayət etdiyi müzakirə mövzusudur. Xüsusilə nəzəri biliklərlə yanaşı, praktiki və peşəkar bacarıqların formalaşdırılması diqqət çəkir.

Bəs ali təhsil diplomu gənclərin əmək bazarına daxil olması üçün nə dərəcədə kifayətdir? Universitetlərdə verilən nəzəri biliklərlə yanaşı, tələbələrdə əmək bazarının tələblərinə uyğun praktiki və peşəkar bacarıqların formalaşdırılması necə təmin olunmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, müasir dünyada təhsil sahəsində əsas diqqət diplomdan daha çox peşəkar bacarıqlara yönəlir.

İşəgötürənlər diplomdan çox buna baxır — Açıqlama

Onun sözlərinə görə, işəgötürənlər namizədlərin hansı universiteti bitirməsindən çox, onların bilik və bacarıqlarını nəzərə alırlar:

"Bununla belə, diplomun tamamilə aradan qalxacağını düşünmək doğru deyil. Diplom gələcəkdə də insanın təhsil və peşə hazırlığını göstərən mühüm göstəricilərdən biri olaraq qalacaq. Sadəcə, onun əvvəlki qədər əsas rol oynamayacağı və ikinci plana keçəcəyi gözlənilir. Eyni zamanda, diplomların gələcəkdə rəqəmsal formatda təqdim olunması mümkündür.

İşə qəbul zamanı namizədin peşə bacarıqlarına üstünlük verilməsi müsbət haldır. Lakin müəyyən ixtisaslar üzrə təhsili təsdiq edən hüquqi sənədin, yəni diplomun və ya müvafiq sertifikatın olması vacibdir. İşəgötürənin də müəyyən sahələr üzrə namizəddən həmin ixtisasa yiyələndiyini təsdiq edən sənəd tələb etmək hüququ var.

Xüsusilə tibb, mühəndislik və digər xüsusi bilik və hazırlıq tələb edən sahələrdə yalnız fərdi şəkildə əldə edilmiş bacarıqlara əsaslanmaq mümkün deyil. Stomatologiya, pediatriya, əczaçılıq, fizioterapiya və digər tibbi ixtisaslarda peşə fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq təhsil və ixtisas sənədi tələb olunur.

Digər tərəfdən, bəzi sahələrdə insanın universitet təhsili almadan da müəyyən bilik və bacarıqlara yiyələnməsi mümkündür. Məsələn, kompüter və texnologiya sahəsində müxtəlif onlayn resurslar, kurslar və digər tədris imkanları vasitəsilə peşə bacarıqları əldə etmək olar.

Bu baxımdan, gələcəkdə diplomla yanaşı, sertifikat və peşə bacarıqlarının da əmək bazarında daha böyük əhəmiyyət qazanacağı gözlənilir. Lakin bütün sahələrə eyni yanaşmaq mümkün deyil. Xüsusi peşə hazırlığı tələb edən istiqamətlərdə formal təhsil və müvafiq ixtisas sənədi əhəmiyyətini qoruyacaq".