Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu aşağı salıb. Bank 2026-cı ildə ölkə iqtisadiyyatının 1,2 faiz, 2027-ci ildə isə 1,8 faiz artacağını gözləyir. Proqnozun aşağı salınması əsasən neft sektorunda azalma və qeyri-neft iqtisadiyyatında artımın zəifləməsi ilə əlaqələndirilir.
Bu, ölkə iqtisadiyyatına necə təsir göstərə bilər?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Asif İbrahimov deyib ki, Dünya Bankının Azərbaycanın iqtisadi artımı ilə bağlı 2026-cı il üzrə proqnozunu 1,2 faizə endirməsi ciddi siqnaldır:
"Burada bir məqamı dəqiq ifadə etmək lazımdır: 1,2 faizlik artım texniki baxımdan reqress deyil. Reqress real ÜDM-in azalması, yəni mənfi artım deməkdir. Lakin Azərbaycan kimi inkişaf potensialı yüksək olan iqtisadiyyat üçün 1-2 faizlik artım çox zəif dinamika hesab olunur və iqtisadi durğunluğa yaxınlaşma riskini artırır. Dünya Bankının 2027-ci il üçün 1,8 faizlik artım proqnozu da problemin qısamüddətli olmadığını göstərir.
Yenə də qeyd edirəm, əsas problem Dünya Bankının proqnozu deyil. Əsas sual iqtisadi modelimizin niyə bu qədər aşağı artım yaratmasıdır. Biz Cibuti deyilik, biz Uqanda deyilik. Biz təbii sərvətlərə, insan kapitalına malik qüdrətli Azərbaycanıq.
Neft sektorunda hasilatın azalması illərdir məlumdur. Bunu hamı görürdü. Əgər iqtisadi model neftdən asılılığın azalmasına və qeyri-neft sektorunun sürətli inkişafına əsaslanırdısa, neft hasilatı azalanda onun yaratdığı iqtisadi impulsu hansı sahələrin əvəz edəcəyi artıq konkret şəkildə görünməlidir. Bu gün həmin kompensasiya mexanizmi kifayət qədər güclü deyil. Burada iqtisadi idarəetmədə həddindən artıq mərkəzləşmənin yaratdığı problemlərə də diqqət yetirmək lazımdır. İqtisadi resursların, investisiya qərarlarının və inkişaf təşəbbüslərinin böyük hissəsinin mərkəzləşdirilmiş mexanizmlər üzərindən formalaşması özəl sektorun, regionların və yerli iqtisadi təşəbbüslərin qərarvermə imkanlarını məhdudlaşdıra bilər. İqtisadiyyatın dayanıqlı inkişafı üçün yalnız dövlətin maliyyə imkanları kifayət etmir. Minlərlə sahibkarın, investorun, müəssisənin və regionun müstəqil iqtisadi qərarlar qəbul etməsi, risk götürməsi və yeni dəyər yaratması lazımdır".
Asif İbrahimov qeyd edib ki, 2026-cı ilin ilk səkkiz ayının rəqəmləri də bu problemin aktuallığını göstərir:
"ÜDM cəmi 1,2 faiz artıb, neft-qaz sektorunda isə 0,8 faiz azalma qeydə alınıb. Qeyri-neft-qaz sektorunda 2,1 faiz artım olsa da, bu artım ümumi iqtisadi dinamikanı yüksək səviyyəyə çıxarmağa kifayət etmir. Qeyri-neft sənayesində 5,4 faiz, informasiya və rabitədə 10,7 faiz, nəqliyyat və anbar təsərrüfatında 8,7 faiz artım var. Deməli, ayrı-ayrı sahələrdə artım mövcuddur, amma bu artım iqtisadiyyatın ümumi potensialını hərəkətə gətirəcək miqyasda deyil. Məncə, bunun səbəblərindən biri iqtisadi artımın həddindən artıq dövlət xərcləri və mərkəzləşdirilmiş investisiya qərarları hesabına formalaşdırılmasına üstünlük verilməsidir. Dövlət investisiyası vacibdir, amma iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilməməlidir. Əsas məsələ dövlətin nə qədər vəsait xərcləməsi yox, həmin vəsaitin özəl investisiyanı nə qədər hərəkətə gətirməsidir.
Bir manat dövlət vəsaiti neçə manat özəl investisiya yaradır? Neçə yeni iş yeri formalaşdırır? İxracı nə qədər artırır? Əmək məhsuldarlığına hansı təsiri göstərir? Bu sualların cavabı iqtisadi siyasətin real effektivliyini müəyyən edir. Burada üç ssenari görürəm. Birinci ssenaridə neft sektorunda azalma davam edir, qeyri-neft sektorunun artımı isə 2-3 faiz ətrafında qalır. Bu halda 1-2 faizlik ümumi iqtisadi artım yeni normal səviyyəyə çevrilə bilər. Əhali artımı nəzərə alınanda adambaşına düşən real iqtisadi məhsulun artımı daha da zəifləyəcək".
İqtisadçı əlavə edib ki, ikinci ssenaridə özəl investisiyalar artır, regionların iqtisadi fəallığı genişlənir, qeyri-neft sənayesi və yüksək əlavə dəyər yaradan sahələr sürətlənir:
"Bu halda neft sektorundakı azalmanı kompensasiya etmək mümkündür. Üçüncü və daha riskli ssenaridə isə neft gəlirləri azalır, dövlət investisiyaları zəifləyir, özəl investisiyalar bunu əvəz etmir və məhsuldarlıq artmır. Bu vəziyyətdə iqtisadi artım 1 faizə yaxınlaşa bilər. Əsas problem iqtisadiyyatın ümumiyyətlə böyüməməsi deyil, mövcud potensiala uyğun böyüməməsidir. Azərbaycan iqtisadiyyatının 1,2 faiz böyüməsi statistik olaraq artımdır, amma yüksək inkişaf potensialına malik ölkə üçün bu dinamikanı qənaətbəxş nəticə hesab etmək çətindir. Xüsusilə də kapital qoyuluşlarının, dövlət proqramlarının və müxtəlif inkişaf layihələrinin həyata keçirildiyi şəraitdə iqtisadi artımın bu səviyyədə qalması resursların səmərəliliyinin daha ciddi qiymətləndirilməsini tələb edir. Ən böyük problem qeyri-neft sektorunun ÜDM-də payının artmasının avtomatik olaraq iqtisadiyyatın real diversifikasiyası kimi qəbul edilməsidir.
Əsl diversifikasiya yalnız sektorların sayının artması deyil. Bunun göstəricisi qeyri-neft ixracının genişlənməsi, yüksək əlavə dəyərli istehsalın artması, özəl investisiyaların çoxalması, məhsuldarlığın yüksəlməsi, texnologiyanın tətbiqi və regionlarda iqtisadi fəallığın genişlənməsidir. Ona görə də Dünya Bankının 1,2 faiz proqnozuna yalnız xarici təşkilatın verdiyi aşağı qiymət kimi baxmaq düzgün olmaz. Bu, iqtisadi modelin nəticələrinin yenidən qiymətləndirilməsi üçün siqnaldır. Neft hasilatı azalırsa, iqtisadi artımın əsas yükünü dövlət xərcləri deyil, rəqabətli və məhsuldar özəl sektor daşımalıdır. Bunun üçün isə iqtisadi qərarların həddindən artıq mərkəzləşdirilməsi deyil, təşəbbüsün, rəqabətin, regional iqtisadi fəallığın və özəl kapitalın qarşısındakı maneələrin azaldılması daha vacibdir. Azərbaycanın qarşısında duran əsas məsələ daha çox vəsait xərcləmək deyil, mövcud resurslarla daha çox iqtisadi dəyər yaratmaqdır. Əgər neft gəlirlərinin azalmasına cavab olaraq yenə əsas ağırlıq dövlətin maliyyə imkanlarına və mərkəzləşdirilmiş investisiyalara düşəcəksə, bu model yüksək və dayanıqlı artım yaratmaqda çətinlik çəkəcək. İqtisadiyyatın gələcəyi dövlətin nə qədər vəsait bölüşdürməsindən çox, ölkədə neçə müstəqil iqtisadi təşəbbüsün yaranmasından, neçə özəl investisiyanın reallaşmasından və həmin investisiyaların nə qədər yüksək əlavə dəyər yaratmasından asılı olacaq".


