Siyasi

"Qlobal yolayrıcı"nın diktə etdiyi ideoloji prinsiplər

Qlobal yolayrıcının diktə etdiyi ideoloji prinsiplər

Radikal siyasi, dini, ideoloji qütblərə yuvarlanmayan "barışdırıcı sivilizasiya", "çoxqapılı geosiyasi məbəd", "təhlükəsiz sığınacaq" və "birləşdirici körpü" missiyası

Açar tezislər:

Reallığı hesablayan siyasət: Azərbaycanın xarici siyasəti şəxsi, milli, siyasi-ideoloji və dini emosiyalardan və xəyallardan uzaq, tamamilə real qüvvələr nisbətinə və praqmatik hesaba söykənir;

"Qlobal yolayrıcı" statusu: ölkəmiz fərqli mədəniyyət və güc mərkəzlərinin (Avropa, Rusiya, İran, Türkiyə, Çin, Mərkəzi Asiya), həmçinin Qlobal Şimal ilə Qlobal Cənubun maraqlarının kəsişdiyi strateji məkan olduğu üçün buna uyğun mədəniyyət, ideologiya və xarici siyasət prinsipləri formalaşır;

"Çoxqapılı geosiyasi məbəd" fəlsəfəsi: radikal siyasi, ideoloji, dini qütblərə yuvarlanmamaq, bütün tərəflər üçün açıq, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli, barışdırıcı sivilizasiya rolunu oynamaq Azərbaycanın hərbi, siyasi, iqtisadi, bir sözlə milli təhlükəsizlik məsələsidir;

Müstəqil olmayana etibar etmirlər. Etibar isə çox mühümdür: Məhz müstəqil xarici siyasət doktrinası Prezident İlham Əliyevə bütün tərəflərlə bərabərhüquqlu, etibarlı və çoxşaxəli əlaqələr qurmaq imkanını təmin edir;

Təkbaşına qazanılan Zəfər Azərbaycanın qlobal arenada müstəqil geosiyasi subyekt olmasının sübutu, qlobal dialoq platforması olmasının zəmanətidir;

Beynəlxalq hüquqa sadiqlik "yolayrıcı"nı hamı üçün təhlükəsiz edir: daxili işlərə qarışmamaq, dinc yanaşı yaşamaq və ideologiya ixracından çəkinmək;

Qazanılmış Zəfər müstəqilliyimizin və milli qürurumuzun əbədi təminatı, ruhlandırıcı mənbəyidir.

Prezident İlham Əliyevin "siyasətdə emosiyalara yer yoxdur" ifadəsi uzun illər ərzində yürüdülən "riyazi hesablama" siyasətinin davam etdirilməsinə, xarici siyasət yönümlü hər bir bəyanatın və atılan addımın "arzulardan" və "ideoloji prinsiplərdən" daha çox reallığın diktəsi altında atıldığına vurğu edilməsidir. Yəni, hər bir dəyişiklik reallığı nəzərə alaraq, addım-addım yenilənmədir. Reallığı nəzərə almayan siyasət bir qayda olaraq fəlakət gətirir.

70 illik kommunist keçmişinə malik Azərbaycan bir geosiyasi faktor olaraq Avropa demokratiyası, katolisizm və protestantizmi ilə İran şiəliyinin, islam demokratiyasını tətbiq edən Türkiyə modelinin, yeni dünyada öz yerini qorumağa çalışan pravoslav Rusiyasının, hələ də radikal Qriqoryan kilsəsinin təsirindən qurtula bilməmiş Ermənistan təhdidinin, mövcud olduğu coğrafiyanın təsirinə məruz qalan özünəməxsus türkçülüyü və islami dəyərləri olan Mərkəzi Asiya ölkələrinin, nəhayət fərqli bir sivilizasiyanı təmsil edən Çinin, Qlobal Şimalla Qlobal Cənubun maraqlarının qovuşduğu bir "qlobal yolayrıcı"dır.

Ən müxtəlif qütblərə məxsus olan, tarixən bir-biri ilə dəfələrlə toqquşmuş sivilizasiyalarla qonşu olmaq iki yol vəd edir:

1) "Sivilizasiyaların toqquşması" məkanına çevrilmək, yaxud da

2) "Sivilizasiyaların əməkdaşlığını", "çoxqapılı geosiyasi məbəd" ideologiyasını tətbiq etmək.

Doğru, emosiyalardan uzaq, rasional siyasət yürüdülmədiyi təqdirdə, Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın sivilizasiyaların toqquşma məkanına çevrilməsi üçün bütün şərtlər var. Burada siyasi macəralara, emosional çıxışlara yer yoxdur.

Sivilizasiyaların yolayrıcında bəzən "dəli olmağ"ı bir azadlıq təzahürü kimi görən bukovskisayağı siyasi düşüncəyə heç yer yoxdur: "Bazıları hiç delirmezler. Ne korkunç hayat sürüyorlardır. Allah bilir". Yaxud: "Bəziləri heç dəli olmur. Allah bilir, necə dəhşətli bir həyat yaşayırlar". Bukovski bərbad bir siyasətçi olar, ölkəsi dağılar, xalqı qaçqın düşər, öz həyatını da, ya Hitler kimi bitirər, ya da ən yaxşı halda Napoleon kimi adada başa vurardı. Yaxşı ki, olmadı.

Bu mənada Qurban Səidin "Əli və Nino" əsəri Bakının timsalında "sivilizasiyaların yolayrıcı" məkanlarının ziddiyyət və harmoniyasını mükəmməl şəkildə təsvir edir.

Odur ki, "qlobal yolayrıcı" olmaq Azərbaycan üçün təkcə coğrafiya deyil, hər kəsə iqtisadi dividend gətirə biləcək qısa yolların kəsişməsi, həm də özünəməxsus mədəniyyət, siyasi fəlsəfə, hamını bu coğrafiyada görüşdürməyi hədəfləyən "barışdırıcı sivilizasiya" formalaşdıran bir "çoxqapılı geosiyasi məbəd"dir. Azərbaycan xalqının taleyi bu "çoxqapılı geosiyasi məbəd"i hamı üçün açıq və təhlükəsiz, maksimum komfortlu hala gətirməklə özünün təhlükəsizliyini və rifahını təmin etməkdən çox asılıdır.

Belə bir "yolayrıcında" hansısa bir radikal ideoloji sistemin tətbiqi taleyin "çoxqapılı" olaraq formalaşdırdığı bir "geosiyasi məbəd"in yerdə qalan qapılarının qapadılmasına səbəb ola bilər. Taleyin diktəsi ilə bizim dinlərə, millətlərə, ideologiyalara münasibətimiz "yolayrıcı", "birləşdirici körpü", "çoxqapılı geosiyasi məbəd" prinsiplərinə söykənməlidir: "Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın... Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər". Bu, "qlobal yolayrıcı", "çoxqapılı geosiyasi məbəd", "təhlükəsiz sığınacaq", "birləşdirici körpü" siyasətinin konkret faktlarla ifadəsidir.

Erməni Qriqoryan kilsəsinin radikal dini və aqressiv millətçi ideologiyalarına sponsorluğu Ermənistanı 35 il ərzində "dalan dövlət" vəziyyətində saxladı. "Qlobal yolayrıcı" olmaq, qlobal ticarətdən gəlir götürmək, iqtisadiyyatını, mədəniyyətini inkişaf etdirmək üçün radikal dini baxışlardan, ifrat ideoloji platformalardan, təcavüzkar siyasətdən uzaq durmalı, Prezident İlham Əliyevin YAP-ın qurultayındakı nitqində qeyd etdiyi prinsipləri rəhbər tutmalısan:

Siyasətdə emosiyalara yer olmamalıdır;

Çoxşaxəli beynəlxalq əlaqələr qurmaq və bütün qütblərlə təmasda olmaq;

Beynəlxalq etibarı qazanmaq və qoruyub saxlamaq, riyakar siyasət yürütməmək;

Real güc mərkəzlərinin formalaşdırdığı qüvvələr nisbəti nəzərə alınmalıdır; Çin və ABŞ ilə strateji tərəfdaşlıq buna nümunədir;

İslam ölkələri və Avropa dövlətləri ilə bərbərhüquqlu münasibətlər qurulmalıdır;

İslam ölkələri arasında münaqişələrə son qoymaq üçün siyasət yürüdülməlidir, İslam həmrəyliyi gücləndirilməlidir.

Bütün bunlarla yanaşı "qlobal yolayrıcı", "təhlükəsiz sığınacaq" və "çoxqapılı geosiyasi məbəd", bir sözlə "barışdırıcı sivilizasiya" olmanın bir imperativi var: hər bir halda beynəlxalq hüquq müstəvisində qalmaq, beynəlxalq hüquqdan kənara çıxmamaq. Beynəlxalq hüququn ən önəmli prinsipi isə "daxili işlərə qarışmamaq", "ideoloji dəyərlərin ixracı" siyasətindən çəkinmək, "dinc yanaşı yaşamaq"dır. Prezidentin qurultaydakı çıxışı məhz beynəlxalq siyasətin bu prinsiplərinə çağırış idi.

Azərbaycan hansısa qütbün siyasi diktəsi ilə, hansısa dini və ya radikal ideoloji təsirlər altında siyasət yürüdərsə, Avropa ilə Asiyanın iqtisadi güc mərkəzlərini birləşdirən, Türk dövlətləri arasında körpü rolunu oynayan, Şimal ilə Cənubu əlaqələndirən vasitəçi ola və bundan özünün iqtisadi, siyasi və təhlükəsizlik dividendlərini götürə bilməz.

Azərbaycanın yürütdüyü "barışdırıcı sivilizasiya", "çoxqapılı geosiyasi məbəd", "qlobal iqtisadi nəfəslik" prinsiplərinə söykənən siyasəti paralel olaraq türk dövlətlərinin inteqrasiyasını həyata keçirilməsinə də əlverişli zəmin formalaşdırır.

Prezident İlham Əliyevin YAP-ın qurultayında və qlobal kürsülərdə bəyan etdiyi müstəqil, ideologiyalardan uzaq və beynəlxalq hüquqa söykənən siyasət məhz bu "çoxqapılı geosiyasi məbəd" fəlsəfəsinin rəsmi doktrinasıdır. Azərbaycan öz coğrafi taleyini böyük bir sivilizasiya missiyasına çevirməyi bacarıb.

Prezidentin "Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır" bəyanatı da məhz bu konsepsiyanın təhlükəsizlik aspektidir.

Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycanın formalaşdırdığı "çoxqapılı geosiyasi məbəd" konsepsiyasının məhz təhlükəsizlik və hərbi-strateji təməlini təşkil edir.

Çünki güclü hərbi və milli təhlükəsizlik sütunları olmadan, heç bir dövlət qlobal qüvvələrin kəsişdiyi mürəkkəb bir coğrafiyada müstəqil dialoq platforması və toxunulmaz bir "məbəd" statusunu daşıması çətin olardı.

Başqa tərəfdən, çoxsaylı hərbi maraqların düyünlər yaratdığı coğrafiya "barışdırıcı sivilizasiya" rolunu oynaya bilməz.

Azərbaycan Ermənistanın 30 illik işğalına heç bir xarici hərbi koalisiyaya və ya böyük güclərin yardımlarına arxalanmadan, təkbaşına - öz ordusu, iqtisadiyyatı və xalqının birliyi ilə son qoydu. Bu, ölkənin beynəlxalq münasibətlərdə digər güclərin təsir dairəsində olan bir "obyekt" deyil, öz taleyini və bölgənin gələcəyini müəyyən edən güclü bir geosiyasi subyekt olduğunu sübut edir.

Nəhayət, 44 günlük müharibədə qazanılmış qələbə onilliklərlə savaş aparıb az qala küldən yenidən közərib dirçəlmiş Azərbaycan xalqının müstəqil yaşamaq, təhlükəsizliyini təmin etmək, özünü qorumaq üçün mühüm olan özünə inamını qaytarmış, siyasi iradəsini möhkəmləndirmiş bir Qəhrəmanlıq salnaməsidir. Bu, bütün dünyaya təhlükəsizlik və iqtisadi töhfə vəd edən bir türk dövlətinin Qəhrəmanlıq salnaməsidir! Bu Zəfər bizim siyasi mövcudluğumuzun tarixi-siyasi qidası, bundan sonra da müstəqilliyimizi, ərazi bütövlüyümüzü, qürurumuzu və mənliyimizi qorumaq üçün əsrlər boyu ruhlandıracaq İlham mənbəyimizidir!

İbrahim Məmmədov, Tarix üzrə fəlsəfə doktoru

R
Redaktor