Dünya bazarında qızılın qiymətindəki son dəyişikliklər Azərbaycanda da diqqətlə izlənilir. Qiymətlərdə enişin müşahidə olunması fonunda qızıl almağı düşünən vətəndaşların da marağı artır. Xüsusilə qiymətlərin yenidən yüksələcəyi, yoxsa enişin davam edəcəyi sualı investorlar üçün aktuallığını qoruyur.
Bəs qızılın qiymətindəki son eniş davam edə bilərmi və hazırkı vəziyyətdə qızıl almaq sərfəli investisiya hesab olunurmu?
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, əsas səbəblər sırasında ABŞ dollarının möhkəmlənməsi, ABŞ xəzinə istiqrazlarının gəlirliliyinin yüksəlməsi və Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilər dayanır.
Onun sözlərinə görə, bu proses Azərbaycanda da özünü göstərir:
"Mərkəzi Bankın məlumatlarına əsasən, oktyabrın əvvəlində qızılın bir troya unsiyasının rəsmi qiyməti 7 000 manat ətrafına qədər enib. Bu, sentyabrın ortalarında qeydə alınan 7 300–7 400 manatlıq səviyyə ilə müqayisədə nəzərəçarpacaq ucuzlaşmadır. Hazırda 1 qram 999 əyarlı qızılın xam metal üzrə rəsmi qiyməti təxminən 225 manat təşkil edir.
Qızılın qiymətindəki enişin yaxın müddətdə davam etməsi mümkündür. Xüsusilə ABŞ-da faizlərin yüksək qalması, dolların möhkəmlənməsi və istiqraz gəlirliliyinin artması qızıl üçün əlavə təzyiq yarada bilər. Qızıl faiz gəliri gətirmədiyi üçün yüksək faiz mühiti investorların alternativ gəlir gətirən aktivlərə marağını artırır. Buna görə hazırkı enişi yalnız bir günlük və ya bir neçə günlük dəyişiklik kimi qiymətləndirmək düzgün olmaz.
Amma mən hesab edirəm ki, qızılın uzunmüddətli perspektivini yalnız son qiymət enişinə əsasən qiymətləndirmək olmaz. Mərkəzi bankların qızıl ehtiyatlarını artırması, geosiyasi risklər, inflyasiya və qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik qızıla olan tələbi dəstəkləyən amillər olaraq qalır. Buna görə qısamüddətli korreksiya ilə uzunmüddətli trendi bir-birindən ayırmaq lazımdır.
Hazırkı qiymətlərdə qızıl almaq uzunmüddətli investisiya düşünən şəxslər üçün maraqlı ola bilər. Lakin bütün vəsaiti birdəfəyə qızıla yatırmaq risklidir. Daha məqsədəuyğun yanaşma mərhələli alışdır. Qiymət aşağı düşərsə, investor daha aşağı səviyyələrdən əlavə alış edə bilər. Qiymət sabitləşdikdən sonra bazara daxil olmaq da mümkündür.
Bir məsələ də xüsusilə nəzərə alınmalıdır. İnvestisiya məqsədilə qızıl almaqla zinət əşyası almaq eyni şey deyil. Zinət əşyasının qiymətində qızılın öz dəyərindən əlavə işçilik, dizayn və mağaza marjası olur. Ona görə sırf investisiya məqsədi varsa, investor qızılın alış və geri satış fərqini, saxlama xərclərini və likvidliyini də hesablamalıdır.
Ümumilikdə, hazırkı vəziyyəti qızıldan imtina etmək üçün siqnal kimi deyil, bazarda yaranmış korreksiyanı və mümkün riskləri qiymətləndirərək qərar vermək mərhələsi kimi dəyərləndirmək daha düzgündür. Qızıl qısa müddətdə daha da ucuzlaşa bilər, lakin uzunmüddətli investor üçün əsas məsələ konkret olaraq bu günün qiymətini tutmaq yox, alışları düzgün bölüşdürmək və portfeli diversifikasiya etməkdir".


