Maraqlı

Qadınlar kişilərdən daha çox ağrı hiss edir – Alimlər mühüm fərq tapdı

Qadınlar kişilərdən daha çox ağrı hiss edir – Alimlər mühüm fərq tapdı

Qadınlar kişilərdən daha çox ağrı hiss edir – Alimlər mühüm fərq tapdı

Qadınların həyatları boyunca kişilərlə müqayisədə daha tez-tez ağrı hiss etdiyi müəyyənləşib. Bu nəticə 118 ölkədən təxminən 6 milyon insanın məlumatlarının təhlil edildiyi genişmiqyaslı araşdırma zamanı əldə olunub.

Demokrat.az xəbər verir ki, "Nature Medicine" jurnalında dərc olunan araşdırmada 1990–2025-ci illər arasında toplanmış məlumatlar araşdırılıb. Tədqiqata 5 yaşdan 100 yaşdan yuxarı insanlara qədər müxtəlif yaş qruplarının məlumatları daxil edilib.

Alimlər müəyyən ediblər ki, qadınlar araşdırılan 11 anatomik nahiyənin hamısında kişilərdən daha güclü ağrı hiss etdiklərini bildiriblər. Baş, üz, boyun, bel, qarın, bud və diz nahiyələrində bu fərq xüsusilə diqqət çəkib.

Məlumata görə, qadınlar kişilərlə müqayisədə üz nahiyəsində ağrıdan 83 faiz, baş ağrısından 74 faiz, mədə və ya qarın ağrısından isə 60 faiz daha çox şikayət ediblər.

Araşdırmada ağrının yaşla necə dəyişdiyi də müəyyənləşdirilib. Güclü ağrının yayılması təxminən 50 yaş ətrafında ən yüksək həddə çatıb, daha sonra azalıb. Bütün bədəni əhatə edən ümumi ağrı isə daha çox 70 yaşlarında müşahidə olunub.

Alimlərin sözlərinə görə, müxtəlif ağrı növlərinin yaşla bağlı inkişaf trayektoriyası eyni deyil. Baş, qarın və üz ağrıları daha erkən yaşlarda pik həddə çatdıqdan sonra azalmağa meyllidir. Əzələ və oynaq ağrıları isə ümumilikdə yaş artdıqca güclənir.

Boyun, çiyin və dirsək ağrıları əsasən orta yaşlarda pik həddə çatır. Bel, bud və dizlərdəki ağrı isə həyat boyu artmaqda davam edir. Tədqiqatçılar bunu həmin nahiyələrə düşən mexaniki yükün zamanla artması və degenerativ dəyişikliklərlə əlaqələndirirlər.

Araşdırmada həmçinin qlobal ağrı yükünün 18,3 faizinin siqaret çəkmə, piylənmə və aşağı gəlirlə əlaqəli olduğu müəyyən edilib. Bu göstərici regiondan asılı olaraq dəyişir və Şərqi Avropada 27,1 faizə çatır.

Tədqiqatçılar bildirirlər ki, ağrı ilə bağlı mövcud qlobal statistikanın böyük hissəsi tibbi diaqnozlara əsaslanır. Bu isə tibbi yardıma çıxışı məhdud olan insanların statistikadan kənarda qalmasına səbəb ola bilər. Buna görə alimlər insanların özlərinin bildirdiyi ağrı göstəricilərinin də nəzərə alınmasının problemin daha obyektiv qiymətləndirilməsinə və profilaktika tədbirlərinin hazırlanmasına kömək edə biləcəyini vurğulayırlar.

Jalə