Rusiya-Ukrayna müharibəsində həkim kimi xidmət edən 58 yaşlı Lənkəran sakini Vahab Quliyev dron hücumu nəticəsində həlak olub.
Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, Lənkəranın Separadi kəndindən olan, 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev müharibə başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə cəlb olunub.
Xidmət etdiyi müddətdə iki dəfə yaralanan Vahab Quliyev müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb və həkim kimi fəaliyyətini davam etdirib.
Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-1994-cü illərdə dissertasiya işi üzərində çalışıb, Moskvada müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.
Məlumat üçün bildirək ki, Vahab Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ildən artıqdır Ukraynada yaşayırdı.
Hazırda Vahab Quliyevin meyitinin Azərbaycana gətirilərək doğulduğu Separadi kəndində dəfn olunması üçün tədbirlər görülür.


