Özəl

Ucuz mənzil axtaranların üz tutduğu mexanizm dayandı — Açıqlama

Ucuz mənzil axtaranların üz tutduğu mexanizm dayandı — Açıqlama

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 2020–2026-cı illərdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 ünvanda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib. Son dövrlər mexanizmə müraciətlərin sayında ciddi artım müşahidə olunur. Elektron sistem üzərindən hər gün 100-dən artıq müraciət daxil olur və müraciətlərin sayı mövcud kirayə mənzil fondunu dəfələrlə üstələyir. Bu səbəbdən 6 oktyabr 2026-cı il tarixindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu müvəqqəti dayandırılır.

Demokrat.az-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, Bakıda daşınmaz əmlakın, xüsusilə mənzillərin qiymətləri davamlı olaraq artır:

Ucuz mənzil axtaranların üz tutduğu mexanizm dayandı — Açıqlama

"Satanların sayı az, alanların sayı isə dəfələrlə çoxdur. Tələb-təklif məsələsində alıcıların sayı satıcıların sayını üstələdikcə, qiymətlərin yüksəlməsi qaçılmaz olur. Bu baxımdan daşınmaz əmlakın qiymətlərinin davamlı artdığını görürük. Vətəndaşların, xüsusilə aztəminatlı və aşağı gəlirli ailələrin mənzil almaq imkanları məhdud olduğu üçün kirayə müqaviləsi əsasında mənzil sahibi olanların sayı artır. Əsas səbəb odur ki, aztəminatlı və aşağı gəlirli vətəndaşlar mənzil almaq üçün tələb olunan vəsaiti nağd şəkildə toplaya bilmirlər. Ona görə də həm qiymətlərin nisbətən münasib olması, həm də məbləğin hissə-hissə, yəni mərhələli şəkildə ödənilməsi baxımından kirayə yolu ilə mənzil əldə etmək daha sərfəli olur. Aztəminatlı ailələr daha çox aylıq ödəniş variantına üstünlük verirlər. Çünki ailələrin maddi imkanları birdəfəlik 100 min, 120 min və ya 150 min manat dəyərində mənzil almağa imkan vermir".

Anar Nəsirov əlavə edib ki, xüsusilə aztəminatlı və aşağı gəlirli ailələr mənzil əldə etmək üçün kirayə mexanizminə üstünlük verirlər:

"Aylıq ödənişlərin məbləği də ailə büdcəsi üçün daha əlçatan olur. Ailələrin maliyyə imkanları məbləği hissə-hissə ödəməyə imkan verdiyi üçün kirayə yolu ilə mənzil əldə etmək seçilir. Digər tərəfdən, kirayə mexanizmi çərçivəsində təqdim olunan mənzillərin bazar qiymətlərindən nisbətən ucuz olması da əsas amillərdəndir. Ödənişin hissəli şəkildə həyata keçirilməsi və mənzillərin bazardakı digər əmlaklarla müqayisədə daha münasib qiymətə təklif olunması vətəndaşların kirayə mexanizminə marağını artırır. Müraciətlərin çoxalmasının əsas səbəbini də həmin amillərlə əlaqələndirmək olar. Sistemin fəaliyyətinin dayandırılmasına gəldikdə isə, daşınmaz əmlak bazarı tələb və təklif prinsipi əsasında formalaşır. Kirayə mənzil mexanizminə müraciət edənlərin sayı həddindən artıq çox olduğu üçün sistemin müvəqqəti dayandırıldığını düşünürəm. Dəqiq faiz göstəricisi söyləmək mümkün deyil, amma növbədə kifayət qədər vətəndaşın olması müraciətlərin qəbulunun dayandırılmasına səbəb ola bilər. Gələcəkdə növbədə olan vətəndaşların bir hissəsi mənzillə təmin edildikdən sonra sistemin yenidən açılması mümkündür. Beləliklə, yeni vətəndaşların da müraciət etmək imkanı yarana bilər. Qısa desək, müraciətlərin çoxluğu və növbədə kifayət qədər vətəndaşın olması səbəbindən sistemin fəaliyyətinin hələlik müvəqqəti dayandırıldığını düşünürəm. Tikintisi nəzərdə tutulan mənzillərin sayı və növbədə gözləyən vətəndaşların sayı məlumdur. Növbədə olan vətəndaşların sayı mövcud mənzil fondunu üstələdiyi üçün müraciətlərin qəbulu müvəqqəti dayandırılıb. Gələcəkdə bir və ya iki mərhələdə növbədə olan vətəndaşlar mənzillə təmin edildikdən sonra sistemin yenidən açılması və yeni vətəndaşların mənzil əldə etmək üçün müraciət edə bilməsi mümkündür. Yəni söhbət sistemin tamamilə bağlanmasından deyil, müvəqqəti dayandırılmasından gedir".

FH
Fidan Hacızadə
Müxbir